BAKI,AzerVoice
Qantas aviaşirkətinin sərnişinləri, təyyarədə baş verən hadisə səbəbindən Azərbaycanda gecələyiblər.
AzerVoice xəbər verir ki, 9 iyun tarixində, London-Sinqapur reysi ilə uçan Airbus A380 təyyarəsi, yüzlərlə sərnişinlə havada marşrutunu dəyişərək Bakıdakı Heydər Əliyev hava limanına təcili eniş edib.
Marşrutun dəyişməsinin səbəbi, 60 yaşlı sərnişinin ürək tutması olub. Təyyarədəki üç həkim qadının vəziyyətini sabitləşdirərək, enişdən sonra onu həyat yoldaşı ilə yaxınlıqdakı xəstəxanaya aparıb.
Bundan əlavə, təyyarənin texniki nasazlığı səbəbindən qalan sərnişinlər yerli otellərdə gecələməyə məcbur olublar. Bəzi sərnişinlər bildirib ki, kapitan mühərrikin nasaz olduğunu bildirsə də, Bakıda onu yoxlaya biləcək mütəxəssis tapılmayıb. Qantas şirkəti, nasazlığı təmir etmək üçün Londondan mühəndis göndərdiyini təsdiqləyib.
"Səkkiz saatımız təyyarədən çıxmağa, üç saat viza gözləməyə və nəhayət, tur rəhbərinin bizi hara aparacağını bilmədiyi üçün iki saatlıq yolculuğa getdi"- deyə sərnişinlər arasında olan Nik Filips, hadisəni belə şərh edib.
Airbus A380 təyyarəsi, 10 iyun tarixində Azərbaycandan Sinqapura yola düşməlidir.