BAKI, AzerVoice, Fərid Mikayılov
İran Ordusunun Koordinasiya İşləri üzrə sədr müavini Həbibullah Səyyari bildirib ki, İsrail NATO və ABŞ dəstəyi olmadan hərbi əməliyyat aparmaq gücünə malik deyil.
AzerVoice xəbər verir ki, Tehranda çıxış edən Səyyari vurğulayıb ki, “qlobal təkəbbür” hələ də İrana qarşı mövqedədir, lakin İran İslam Respublikası kiçik düşmənlərlə deyil, imperializmə qarşı mübarizə aparmaqdan qürur duyur.
Komandan 8 illik İran-İraq müharibəsinə toxunaraq qeyd edib ki, o zaman məqsəd İslam İnqilabını və İranın ərazi bütövlüyünü zəiflətmək idi.
Səyyari İsrailin strateji dərinlik, əhali və iqtisadi güc baxımından zəif olduğunu bildirərək, onlara ciddi zərbələrin endirildiyini vurğulayıb.
“Əgər həqiqətlər göstərilsəydi, dünya İsrail rejiminə vurulan zərbələrin miqyasını görərdi”- deyə o, beynəlxalq mediada reallıqların gizlədildiyini qeyd edib.
Komandan əlavə edib ki, Evin həbsxanası kimi məkanlara edilən hücumlar ölkə daxilində xaos yaratmağa yönəlib, lakin bu cəhdlər İran xalqının birliyini və müqavimətini daha da gücləndirib.