BAKI, AzerVoice, Nərmin Ağayeva
İsraildə bir günlük milli tətil etirazlara və polislə toqquşmalara səbəb olub.
AzerVoice xəbər verir ki, yüz minlərlə insan Qəzzada müharibənin dayandırılması və girovların təhlükəsizliyinin təmin olunması tələbi ilə küçələrə çıxıb.
Etirazlar ən çox Təl-Əvivin “Girov Meydanı”nda toplaşıb. Aksiya nəticəsində yollar, ofislər və universitetlər bağlanıb, gün ərzində azı 40 nəfər saxlanılıb. Çevik polis qüvvələri Netanyahunun Likud partiyasının qərargahı qarşısında keçirilən aksiyanı zorakılıqla dağıdıb. Müharibənin 22-ci ayı fonunda bu, ölkədə keçirilən ən böyük kütləvi nümayişlərdən biri olub.
Etirazlarda çıxış edən girovların ailələri hökuməti “ədalətli müharibəni mənasız müharibəyə çevirməkdə” ittiham edərək, dərhal razılaşma əldə olunmasını tələb ediblər.
Qeyd edək ki, etirazlar İsrailin hərbi kabinetinin Qəzzanın ən böyük şəhərinin işğalı və əhalinin köçürülməsi ilə bağlı qərarından bir həftə sonra baş tutub. BMT və beynəlxalq ictimaiyyət bu addımı pisləyib. Rəsmi məlumatlara görə, Qəzzada əhalinin 90 faizi köçkün vəziyyətinə düşüb, 61 mindən çox fələstinli həyatını itirib.