Əsas səhifə » Çində uşaqların qurğuşundan zəhərlənməsi ilə bağlı araşdırmalar aparılır

Çində uşaqların qurğuşundan zəhərlənməsi ilə bağlı araşdırmalar aparılır

BAKI, AzerVoice

Çinin Qansu vilayətindəki Kommunist Partiyası Komitəsi, Tyanşuy şəhərində baş verən və uşaqların qurğuşunla zəhərlənməsi ilə nəticələnən insidentin araşdırılmasını xüsusi nəzarətə götürüb.

AzerVoice xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata əsasən, istintaq qrupunun rəhbəri vilayət partiya komitəsinin və Xalq Hökumətinin təmsilçisi təyin olunub. Qrupun tərkibinə həmçinin vilayətin intizam yoxlama komissiyası, ictimai təhlükəsizlik departamenti və digər müvafiq qurumların nümayəndələri daxildir.

Çin Xalq Respublikasının Dövlət Şurası nəzdindəki Qida Təhlükəsizliyi İdarəsi də araşdırma prosesinə nəzarət etmək məqsədilə Qansu vilayətinə xüsusi işçi qrup göndərib.

Xatırladaq ki, iyul ayının əvvəlində Qansu vilayətinin Tyanşuy şəhərindəki özəl uşaq bağçalarından birində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. 233 uşağın qanında normadan artıq səviyyədə qurğuşun aşkarlanıb. Bəzi hallarda bu göstərici 400 mkq/l səviyyəsinə çatıb ki, bu da xəstəxanaya yerləşdirmə üçün müəyyən edilmiş 250 mkq/l həddini xeyli üstələyir. Valideynlərin sözlərinə görə, uşaqlarda bir neçə ay ərzində ürəkbulanma, ishal, qarın spazmları və ayaq ağrısı kimi simptomlar müşahidə olunub.

Aparılan istintaq zamanı məlum olub ki, uşaqların orqanizminə ağır metal qidaya əlavə edilən qadağan olunmuş boya vasitəsilə düşüb. Hüquq-mühafizə orqanları bağçanın direktoru da daxil olmaqla səkkiz nəfəri saxlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice