BAKI, AzerVoice
Çin ABŞ-ın Braziliya məhsullarına əlavə tarif tətbiq etməsini tənqid edərək bu addımı digər ölkələrin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
AzerVoice xəbər verir ki, “Global Times”ın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning Pekində keçirilən mətbuat konfransında bildirib ki, tarif siyasəti beynəlxalq hüquq və BMT prinsiplərinə ziddir.
O, ABŞ-ı başqa ölkələrə qarşı iqtisadi təzyiqlər göstərməkdə ittiham edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp iyulun 9-da Braziliya məhsullarına 50 faiz əlavə gömrük rüsumu tətbiq ediləcəyini açıqlayıb. Yeni tarif avqustun 1-dən qüvvəyə minəcək. Tramp bu qərarı “mövcud rejimin ciddi ədalətsizliklərini düzəltmək” məqsədi ilə əsaslandırıb.
Qeyd edək ki, Tramp daha əvvəl Braziliya hökumətini keçmiş prezident Jair Bolsonaroya qarşı siyasi motivli davranmaqda günahlandırmışdı. Bolsonaro hazırda Lula da Silva hökumətinə qarşı çevriliş planında iştirak ittihamı ilə istintaq altındadır.