BAKI,
AzerVoice
Fələstin Xarici İşlər Nazirliyi İsrailin və Fələstin torpaqlarını
qəsb etmiş yəhudi məskunlaşmaçıların Şərqi Qüdsdə yerləşən Əl-Əqsa
məscidinə artan basqınları ilə bağlı beynəlxalq ictimaiyyətə
xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, açıqlamada
bu basqınların ciddi narahatlıq doğurduğu və status-kvonu dəyişməyə
yönəlik təhlükəli addımlar kimi qiymətləndirildiyi bildirilib.
Rəsmi bəyanatda Şərqi Qüdsün 1967-ci ildən işğal olunmuş Fələstin ərazisinin ayrılmaz hissəsi olduğu və Fələstin Dövlətinin paytaxtı sayıldığı xüsusi olaraq qeyd olunub. Fələstin rəhbərliyi BMT və YUNESKO-ya çağırış edərək, Qüdsdəki İslam və xristian müqəddəs məkanlarının qorunması üçün dərhal məsuliyyət götürmələrini istəyib.
Fələstin Vəqflər və Dini İşlər Nazirliyinin məlumatına görə, təkcə iyun ayında israillilər və təhlükəsizlik qüvvələri Əl-Əqsa məscidinə 25-dən çox dəfə hücum edib və bu müddətdə müsəlmanların ibadətinə qadağalar tətbiq olunub.
Qeyd edək ki, Fələstin hakimiyyəti Əl-Əqsaya qarşı edilən bu hücumların fələstinlilərin məruz qaldığı ilhaq və zorakı köç siyasətinin bir hissəsi olduğunu bildirərək, beynəlxalq hüququn pozulduğunu vurğulayıb.