BAKI, AzerVoice
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş bu cümə günü keçiriləcək Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək. İclas İran və İsrail arasında artan gərginliyə həsr olunacaq.
AzerVoice xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik məlumat verib.
Onun sözlərinə görə, Quterreş açılış nitqi ilə çıxış edəcək, həmçinin BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo da qısa hesabatla çıxış edə bilər.
Qeyd edək ki, bu xüsusi iclas Tehranın rəsmi müraciəti əsasında çağırılıb. İclasda regionda davam edən münaqişə, beynəlxalq hüququn pozulması və mülki əhalinin təhlükəsizliyi məsələləri müzakirə olunacaq.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb.