Əsas səhifə » İsrail dayansa, biz də dayanacağıq - Arakçi

İsrail dayansa, biz də dayanacağıq - Arakçi

BAKI, AzerVoice

Əgər İsrail dayansa, biz də dayanacağıq.

AzerVoice xəbər verir ki, İranın xarici işlər naziri Abbas Arakçi Yaxın Şərqdə gərginliyin kritik nöqtəyə çatdığını bildirərək, İsrailin hücumları dayandıracağı təqdirdə, Tehranın da cavab əməliyyatlarını sona çatdırmağa hazır olduğunu bəyan edib.

Tehranda keçirilən mətbuat konfransında çıxış edən Arakçi, İranın atdığı addımların “qanuni müdafiə çərçivəsində” olduğunu vurğulayıb və bölgədə diplomatik gərginliyin azaldılması üçün açıq mesaj verib. “Əgər İsrail geri çəkilərsə, biz də hərbi cavablarımızı dayandıracağıq.”- deyə o bildirib.

Nazir eyni zamanda İsrailin Cənubi Pars qaz yatağına yönəlik hücumlarını “təhlükəli strateji səhv” adlandırıb. “Bu kimi addımlar təkcə İranı deyil, bütün bölgəni münaqişəyə sürükləyir.” - deyə nazir qeyd edib.

“Vaşinqtonun bu prosesdə rol almadığını deməsi inandırıcı deyil. Əgər ABŞ həqiqətən sülh istəyirsə, İsrailin nüvə obyektlərimizə hücumlarını qınamalıdır.” - deyə Arakçi, ABŞ-ın İsrailin hücumlarına açıq dəstək vermədiyinə dair açıqlamalarına da sərt reaksiya göstərib.

Digər tərəfdən, İsrailin hücumları nəticəsində İran İnqilab Keşikçiləri Kəşfiyyat Təşkilatının rəhbəri Məhəmməd Kazimi və iki generalın həlak olduğu bildirilib. Hücumlar zamanı İran XİN-in əlavə xidmət binası da zərər görüb. Son rəsmi məlumata görə, ölənlərin sayı 224-ə, yaralananların sayı isə 1277-yə çatıb.

Qeyd edək ki, İsrailin İrana qarşı iyunun 13-də başladığı hücumlar nəticəsində tərəflər arasında hərbi qarşıdurma gündən-günə dərinləşir. Beynəlxalq ictimaiyyət isə bölgədə silahlı toqquşmanın daha geniş müharibəyə çevrilməməsi üçün tərəfləri sülhə çağırır.

Digər Kateqoriyalar

2025 © Azervoice