BAKI, AzerVoice
Putin, Tramp və Zelenski arasında sammit hazırda mümkün deyil.
AzerVoice xəbər verir ki, Kreml ABŞ-ın sabiq prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün sammitə dair yayılan məlumatlara reaksiya verib və belə bir görüşün indiki şəraitdə real olmadığını bildirib.
“Ukrayna ilə danışıqlarda ani irəliləyiş gözləmək düzgün olmaz. Məsələ son dərəcə mürəkkəbdir və çoxlu nüanslar var”- deyə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, bu bəyanat Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirdiyi ikinci görüşdən bir gün sonra səsləndirilib. Danışıqlar Çırağan sarayında baş tutub və təxminən bir saat davam edib. Görüşdə tərəflər ağır yaralılar və 25 yaşdan aşağı olan şəxsləri əhatə edən yeni məhbus mübadiləsi ilə bağlı razılığa gəliblər, lakin Ukraynanın irəli sürdüyü liderlər səviyyəsində sammit təklifi müzakirələr zamanı qəbul olunmayıb.
“Mübadilə barədə razılıq əldə olunub və təfərrüatlar tezliklə açıqlanacaq. Diqqətimizi ağır yaralılara və bəzi xüsusi kateqoriyalara yönəltmişik. Həmçinin, həyatını itirmiş əsgərlərin cəsədlərinin dəyişdirilməsi gündəmdədir”- deyə Ukraynanın müdafiə naziri və nümayəndə heyətinin rəhbəri Rustem Umerov görüşdən sonra bildirib.
Umerov 6 min məhbusun qarşılıqlı şəkildə dəyişdirilməsinə dair razılığın əldə edildiyini qeyd edib. O əlavə edib ki, Ukrayna tərəfindən Rusiya tərəfindən qaçırıldığı iddia edilən ukraynalı uşaqların siyahısı Moskva tərəfinə təqdim olunub.