BAKI, AzerVoice
Yaponiya Suriyaya qarşı sanksiyaların bir hissəsini ləğv edib.
AzerVoice xəbər verir ki, Yaponiya
hökuməti Suriyaya qarşı tətbiq etdiyi bəzi sanksiyaları ləğv etmək
qərarına gəlib.
Bu çərçivədə, ən azı dörd Suriya bankı aktivlərin dondurulması
siyahısından çıxarılacaq.
NHK dövlət televiziyasının məlumatına görə, qərar barədə açıqlama verən Nazirlər Kabinetinin Baş Katibi Hayaşi Yoşimasa bildirib ki, bu addım Suriyada uzun illər davam edən böhranın nəticəsində ağır vəziyyətdə olan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına töhfə vermək məqsədi daşıyır.
Hayaşi həmçinin vurğulayıb ki, Yaponiya Suriyada sülh və sabitliyin təmin olunması üçün G7 ölkələri və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək və beynəlxalq ictimaiyyətlə həmrəylik içində fəaliyyət göstərəcək.
Qeyd edək ki, Yaponiya Suriyaya qarşı sanksiyaları və aktiv dondurma tədbirlərini BMT və digər beynəlxalq strukturların tövsiyələri əsasında illər öncə tətbiq etmişdi. Hazırda bu siyasətin mərhələli şəkildə yumşaldılması nəzərdə tutulur.