BAKI,
AzerVoice
"Zərbələr intensivləşəcək və bütün bunlar hətta Əhməd əş-Şaraaya
sui-qəsdə qədər gəlib çıxa da bilər".
AzerVoice xəbər verir ki, bunu
Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu son
günlər Suriyada yenidən yaşanan gərginliyə münasibət bildirərkən
deyib.
Ekspert bildirib ki, İsrail Suriya ərazilərinə hava zərbələrini
intensivləşdirib:
"Bu zərbələrin vurulmasına da İsrailin dəstəklədiyi və Suriyada
qiyam qaldıran druzlara qarşı ölkənin müdafiə nazirliyinin hayata
keçirdiyi addımlardan sonra başlanılıb. Druzlar parçalanmış
vəziyyətdədir. Onlar İsrail, Livan, Suriya və az miqdarda İraqda
yaşayırlar. İsraildəki druzlar açıq şəkildə Təl-Əviv tərəfindən
dəstəklənir. Onlar da Suriya ərazisində mədəni muxtariyyətin
olmasını tələb edir. Amma Suriya druzları bu istəklə razı deyil.
Livan druzları da Suriyanın parçalanmasında maraqlı deyil. Çünki bu
bölgə ölkələri, Livan üçün ciddi fəsadlara gətirə bilər. Bu
baxımdan, druzların ən böyük siyasi liderlərindən olan Cumbulad
Dəməşqə gələrək, mesaj verdi ki, druzlar Susiyadan qopmaqda maralı
deyil. Bununla da druzların qiyamı yatırıldı".
Lakin buna baxmayaraq, həmsöhbətimiz düşünür ki, İsrail də druz
kartını əldən vermək istəmir:
"İsrail Suriyada öz mövqeyini təmin etmək istəyir. Druz kartının
şişirdilməsində bir çox ölkələrin də marağı var. Suriyada xaosda
geri qayıtmaq üçün Rusiya və İran da maraqlıdır. Druz lideri Mərvan
Kivanın səs yazısı yayıldı və açıqlama verdi ki, peyğəmbəri təhqir
etməyib. Ümumiyyətlə, belə bir səs yazısı da yoxdur. Bütün bunlar
onu göstərir ki, bölgədə təxribatın olmasını istəyənlər var".
Ekspert deyir ki, İsrailin də Suriyadan ehtiyatlandığı məqamlar
var:
"Suriya hökumətinin legitimliyi ciddi sual altındadır. ABŞ-ın
Dəməşqdən ölkəni lərzəyə sala biləcək 8 tələbi var. Terrora qarşı
koalisiyanın yaradılmasında Suriya iştirakı tələb olunur ki, bu
ərazidəki Əl-Qaidənin də dəyirmanına su tökmək demək olacaq. Məsələ
ondadır ki, Suriyanın hazırkı lideri özü keçmiş cihadçıdır. Onun
Qərbə açılması isə islamçıları qıcıqlandıra bilər. İŞİD də təbliğat
formasında Suriya gündəminə daxil olmağa çalışır. Deməli, onlar da
aktivləşə bilərlər. ABŞ Suriyanın xaricdəki aktivlərinin geri
qaytarılması müqabilində bu ölkədə itən vətəndaşlarının tapılması
üçün ortaq kommisiyanın yaradılmasını da istəyir. Suriya habelə
tərəddüd etmədən İrana bağlı SEPAH və digər bu kimi qüvvələri
terrorçu qruplaşmalar elan etməlidir. Başqa bir tərəfdən,
Fələstinlə bağlı bütün təşkilatlar Suriyadan çıxmalı, onlar da
terror təşkilatı elan edilməlidir".
Rufiz Hafizoğlu bildirir ki, bölgədə Türkiyənin nüfuzu da
artır:
"Ankara bu meydanda ciddi nailiyyət əldə etdi. Amma Suriya
hökumətinin Türkiyəyə nə qədər bağlı olması mövzusu özü böyük
sualdır. Ortada ciddi etnik fərqlilik var. Əhməd əl-Şaraanın ilk
səfəri Qətərə, Səudiyyə Ərəbistanına oldu. Heç nə havayı edilmir.
Əl-Riyadla Qətər Suriyanın gələcək həyatında yer almaqda önəmli
faktorlardır. Təl-Əvivə isə güclü ərəb qonşusunun olduğu ölkə lazım
deyil. Suriyada Türkiyə bazasının olması da İsrailin istəyincə
deyil. Amma onlar həm də gözəl bilirlər ki, Türkiyə İran deyil.
İsraillə Türkiyənin müharibəsi əslində rəsmən III Dünya
müharibəsinin elan edilməsi olacaq. Bu baxımdan İsrail odlu-alovlu
danışsa da, Türkiyə ilə üz-üzə gəlməsi, ona iqtisadi və siyasi
fəsadlar gətirəcək. Türkiyənin İsrailə ehtimal olunan müdaxiləsi
isə Əl-Riyad da daxil islam dünyasının Ankaranın yanında yer
almasına gətirib çıxaracaq".
Qeyd edək ki, Susiyada vəziyyət yenidən gərginləşib. Keçid
hökumətinin qiyam qaldıran druzlara qarşı fəaliyyəti İsraili
prosesə müdaxilə etməyə vadar edib. İsrail hətta Suriya prezidenti
Əhməd əl-Şaraanın sayarına yaxın ərazini belə bombalayıb.