BAKI, AzerVoice
Raket hücumundan sonra aviaşirkətlər Təl-Əvivə uçuşların dayandırılmasını uzadıb.
AzerVoice xəbər verir ki, Yəməndə İranın dəstəklədiyi husilərin Təl-Əvivdəki Ben Qurion hava limanına ballistik raket zərbəsi endirməsindən sonra bir sıra beynəlxalq aviaşirkətlər İsrailə uçuşların dayandırılmasını uzadıb.
İsrailin "Calcalist" nəşrinin məlumatına görə, Lufthansa Group-a daxil olan Eurowings, İsveçrə, Avstriya və Brüssel Hava Yolları Təl-Əviv marşrutunu mayın 11-dək dayandırıb. İtaliyanın ITA Airways, ABŞ-ın United Airlines və Macarıstanın Wizz Air aviaşirkətləri də müvafiq olaraq mayın 11, 9 və 8-nə qədər uçuşların bərpasını təxirə salıb.
Yunanıstanın Aegean Airlines, Böyük Britaniyanın British Airways, ABŞ-ın Delta Air Lines və İrlandiyanın Ryanair şirkətləri isə uçuşların qadağanını mayın 6-dək uzatdıqlarını bildiriblər.
İsrailin “Yediot Ahronot” qəzetinin məlumatına əsasən, beynəlxalq uçuşların dayandırılması səbəbindən minlərlə israilli xaricdə qalıb.
Qeyd edək ki, mayın 4-də Yəməndəki husilər tərəfindən Ben Qurion hava limanına ballistik raketlə hücum edilib. Raketin düşdüyü ərazidə 15 metrlik krater yaranıb və təyyarələrin eniş-qalxışı müvəqqəti dayandırılıb. Hücumun ardınca husilər İsrailə qarşı hava blokadası elan edərək, beynəlxalq aviaşirkətləri bu ölkəyə uçuşları ləğv etməyə çağırıblar.
İsrail tərəfi isə mayın 5-də Yəmənin qərbindəki Hudeyda limanı və Bacil sement zavoduna hava zərbələri endirib. Husilər bu hücumlarda 2 nəfərin həlak olduğunu, 42 nəfərin isə yaralandığını açıqlayıb.