Əsas səhifə » BMT Baş katibindən Hindistan və pakistana çağırış

BMT Baş katibindən Hindistan və pakistana çağırış

BAKI, AzerVoice

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Hindistan və Pakistanı iki ölkənin arasındakı gərginliyin azaldılmasına çağırıb.

AzerVoice xəbər verir ki, bu barədə Quterreşin verdiyi açıqlamada deyilir.

O, iki ölkə arasındakı gərginliyin son illərdə ən yüksək səviyyəyə çatdığına diqqət çəkib. Quterreş, həm Hindistan, həm də Pakistan hökümətlərinə BMT-nin fəaliyyətlərinə verdikləri töhfəyə görə dərin hörmət və minnətdarlığını bildirib.

Baş katib, iki ölkə arasındakı münasibətlərin günü-gündən pisləşdiyini vurğulayaraq terror hücumunu bir daha qətiyyətlə pisləyib.

Quterreş mülki şəxslərin hədəf alınmasının qəbuledilməz olduğunu qeyd edib.

"Günahkarlar hüquqa uyğun şəkildə cəzalanmalıdırlar" - deyə, o əlavə edib.

Quterreş bu həssas mərhələdə asanlıqla nəzarətdən çıxa biləcək bir hərbi qarşıdurmadan qaçınmağın çox vacib olduğunu bildirib.

BMT Baş katibi həmçinin hər iki hökumətə xoş niyyətli vasitəçilik təklif edib və bildirib ki, BMT gərginliyin azaldılması, sülhə yenidən sadiqlik nümayiş etdirilməsi istiqamətində atılan bütün təşəbbüsləri dəstəkləməyə hazırdır.

Qeyd edək ki, aprelin 22-də Hindistanın Pahalgam bölgəsində baş verən silahlı hücum nəticəsində 26 mülki şəxs həyatını itirib. Hindistan hökuməti bu hadisənin məsuliyyətini dərhal Pakistanla əlaqəli silahlı qrupların üzərinə qoyub, lakin buna dair konkret sübut təqdim edilməyib. Bundan sonra Hindistan tərəfi sərhəddə hərbi fəallığı artırıb, müşahidə dronları ilə hava nəzarətini genişləndirib və orduya "əməliyyat azadlığı" verildiyini elan edib. Hindistan mediası isə paralel şəkildə Pakistan əleyhinə informasiya yayımına başlayıb.

Digər Kateqoriyalar

2025 © Azervoice