BAKI,
AzerVoice
Papa Fransiskin son arzusu Qəzzadakı uşaqlara tibbi yardım
olub.
AzerVoice xəbər verir ki, vəfatından əvvəlki son istəyi açıqlanan Papa Fransisk məşhur “Popemobile” avtomobilini Qəzzadakı müharibədən əziyyət çəkən uşaqlara xidmət göstərəcək səyyar klinika kimi bağışlayıb.
Məlumata görə, 88 yaşında dünyasını dəyişən Papa bu addımı “analoqu olmayan mərhəmət aktı” kimi qiymətləndirib. 2014-cü ildə İordan çayının qərb sahilinə səfəri zamanı istifadə edilən bu xüsusi avtomobil indi Caritas Jerusalem xeyriyyə təşkilatı vasitəsilə Qəzzada yaralı və qidasız uşaqlara təcili tibbi yardım göstərəcək.
Caritas rəsmiləri bildiriblər ki, mərhum Papa ömrünün son aylarında onlarla birbaşa əlaqə saxlayaraq avtomobilin Qəzzada uşaqların sağlamlığı üçün istifadə olunmasını istəyib. Təşkilatın baş katibi Peter Brune bunu “səhiyyə sisteminin çökmək üzrə olduğu bir bölgəyə vaxtında edilən konkret və həyat qurtaran müdaxilə” adlandırıb.
Müqəddəs Ailə Kilsəsi də təsdiqləyib ki, Papa Fransisk ölümündən bir neçə gün öncəyə qədər Qəzzadakı vəziyyəti şəxsən izləyib və sonuncu zəngini 19 aprel tarixində edib.
Qeyd edək ki, Papa Fransiskin son Pasxa çıxışında Qəzzadakı humanitar vəziyyəti “faciəli və acınacaqlı” adlandıraraq həm sülhə, həm də girovların azad edilməsinə çağırış etmişdi.