BAKI, AzerVoice
Osaka yaşlıların bankomatlardan mobil telefonla istifadə etməsini
qadağan edib.
AzerVoice xəbər verir ki, Yaponiyanın
Osaka şəhəri telefon dələduzluqlarının qarşısını almaq məqsədilə 65
yaş və yuxarı sakinlərin bankomatlardan mobil telefonla danışaraq
istifadə etməsini qadağan edən ilk şəhər olub.
Qərarın əsas məqsədi yaşlı insanları tez-tez qarşılaşdıqları
telefon fırıldaqlarından qorumaqdır.
Rəsmi tənzimləmə heç bir cəza tədbiri nəzərdə tutmasa da, hökumət bununla bankomat fırıldaqları zamanı yaşlıların diqqətini yayındıran halların qarşısını almağa çalışır. Dələduzlar özlərini qohum və ya məmur kimi təqdim edərək yaşlılardan müalicə, təcili yardım və ya borc səbəbilə pul tələb edirlər.
Qeyd edək ki, Yaponiyada 2024-cü ildə yaşlıları hədəf alan bu tip fırıldaqlardan yaranan zərər 72,1 milyard yen (təxminən 20 milyard türk lirəsi) təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 1,6 dəfə çoxdur. Yalnız ötən il 20,951 nəfər bu dələduzluqların qurbanı olub və onların təxminən 45 faizi 75 yaşdan yuxarı şəxslərdir.
Yaponiya Milli Polis Agentliyi əlavə olaraq, 75 yaşdan yuxarı şəxslər üçün gündəlik bankomatdan pul çıxarma və köçürmə məbləğini 300 min yenlə məhdudlaşdırmağı da planlaşdırır. Millət vəkilləri isə bu limiti daha da sərtləşdirərək 100 min yenə endirməyi təklif ediblər.
Təhlükənin qarşısını almaq üçün bankomat yaxınlığına xəbərdarlıq lövhələrinin yerləşdirilməsi, əvvəlcədən ödənişli kart satıcılarının müştəriləri fırıldaqçılıq riskinə qarşı yoxlaması, habelə banklarda xəbərdarlıq sistemləri və təlim seminarlarının keçirilməsi nəzərdə tutulur. Tokio, Naqano və Fukuoka kimi şəhərlər də bu istiqamətdə tədbirlər görməkdədir.
Osaka Böhran İdarəetmə Ofisindən Ryo Hamaoka bildirib ki, tənzimləmənin məqsədi Yaponiyada qatarlarda telefonla danışmaq kimi, bankomatlarda da mobil telefondan istifadənin sosial tabuya çevrilməsidir.