Əsas səhifə » Moskvada Kreml yaxınlığında partlayış və yanğın baş verib

Moskvada Kreml yaxınlığında partlayış və yanğın baş verib

BAKI, AzerVoice

Moskvada baş verən partlayışda Rusiya generalları həlak olub.

AzerVoice xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada ardıcıl partlayışlar nəticəsində yüksək rütbəli hərbi rəhbərlərin həlak olduğu bildirilir.

İlkin məlumata görə, Moskvanın Balaşixa bölgəsində avtomobilə yerləşdirilmiş uzaqdan idarə olunan partlayıcı qurğunun işə düşməsi nəticəsində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-mayor Yaroslav Moskalik və onunla birlikdə olan sərnişin həyatını itirib.

İstintaq Komitəsinin açıqlamasında partlayıcının qaz balonunun yaxınlığına yerləşdirildiyi, qəlpəli qurğunun uzaqdan işə salındığı bildirilib. Hadisənin səbəbləri araşdırılır, hücumun arxasında Ukrayna kəşfiyyatının ola biləcəyi ehtimal edilir.

Bundan əlavə, Moskvanın Ryazanski küçəsində yerləşən yaşayış binasının qarşısında skuterdə gizlədilmiş partlayıcı qurğu nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının komandiri general İqor Kirillov və onun köməkçisi də həlak olub.

Həmin gün Moskvada üçüncü bir insident də baş verib. Federal Təhlükəsizlik Xidmətinin (FSB) qərargahı yaxınlığında Rusiya prezidentinə aid olduğu iddia edilən limuzində yanğın baş verib. Mühərrik hissəsində başlayan alov qısa zamanda avtomobilin salonuna keçib. Ölən və ya xəsarət alan qeydə alınmasa da, hadisə narahatlıq yaradıb.

Qeyd edək ki, baş verən partlayışlar Rusiya daxilində təhlükəsizlik vəziyyətinin ciddi şəkildə gərginləşdiyini göstərir və istintaq orqanları hücumların arxasında duran şəxsləri müəyyən etməyə çalışır.

Digər Kateqoriyalar

2025 © Azervoice