Bakı, AzerVoice
Fransa prezidenti Emmanuel Makron, ABŞ prezidenti Donald Trampa Ukrayna ilə imzlayacağı atəşkəs razılaşması barədə vacib bir xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, Makron, Ukrayna üçün təhlükəsizlik zəmanətləri olmadan atəşkəs imzalansa, ABŞ-ın Rusiya və Çinə qarşı "geostrateji çəkindiricilik" qabiliyyətini itirəcəyini bildirib.
Fransa prezidenti, Ağ Evdə mübahisə edən Tramp və Zelenskini sakit olmağa və hörmətli davranmağa çağırıb.
Həmçinin Makron, Vaşinqtonun Ukraynadan əl çəkməsinin ABŞ-ın maraqlarına uyğun olmayacağını vurğulayıb.
"Rusiya Prezidenti Vladimir Putin dayandırılmasa, növbəti addımı Moldova və ya Rumıniyaya qədər gedəcək. Hamımız sülhün təmin edilməsində həmfikirik, lakin Ukraynanı tərk etməklə ədalətli və davamlı sülh əldə etmək mümkün deyil", - deyə Makron qeyd edib.
Xatırladaq ki, ABŞ Prezidenti Tramp və Ukrayna Prezidenti Zelenski arasında Oval Ofisdə keçirilən görüşdə mübahisə baş vermişdi, nəticədə əvvəlcədən planlaşdırılan birgə mətbuat konfransı ləğv edilmiş və Zelenski Ağ Evi tərk etmişdi.
Mübahisə zamanı Tramp Ukrayna liderinin mövqeyini tənqid edərkən, Zelenski də ölkəsinə dəstək gözlədiyini bildirmişdi.
Bu mübahisə səbəbilə imzalanacağı elan edilən qiymətli metallar müqaviləsi də imzalanmadı.
Prezident Tramp, Oval Ofisdəki gərgin mübahisədən sonra verdiyi açıqlamada, Zelenskinin sülhə hələ hazır olmadığını iddia etmişdi.
Zelenski isə Fox News-a verdiyi müsahibədə Trampdan üzr istəyib-istəməyəcəyi ilə bağlı sualı cavablandıraraq, üzr istəməsini tələb edəcək səhv bir şey etmədiyini bildirmişdi.