Bakı, AzerVoice
“Bu gün Ağ Evdə çox mühüm görüşümüz oldu. Biz heç vaxt müzakirə etmədən başa düşə bilməyəcəyimiz şeyləri öyrəndik. Emosiyalar insanlardan inanılmaz həqiqətləri üzə çıxarır. Mən müəyyən etdim ki, Zelenski Amerikanın prosesdə iştirak etdiyi müddətcə sülhə hazır deyil, çünki o, bizim iştirakımızın ona danışıqlarda böyük üstünlük verdiyini düşünür. Mən üstünlük istəmirəm, mən sülh istəyirəm. O, ABŞ-a və Ağ Evə hörmətsizlik göstərdi. O, yalnız sülhə hazır olduğu zaman geri qayıda bilər”.
AzerVoice xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi görüşdən sonra deyib.
ABŞ və Ukrayna prezidentlərinin gözlənilən sülh danışıqları gərgin atmosferdə keçib. Mətbuat konfransı görüşün nəticələrinə əsasən ləğv edilib.
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna heç vaxt yalnız atəşkəslə razılaşmayacaq.
Onun sözlərinə görə, Rusiya atəşkəsi pozacaq və Vladimir Putinlə sülh sazişi bağlanarkən heç bir kompromis olmamalıdır.
Zelenski vurğulayıb ki, Rusiya Ukraynanın bərpası üçün kontribusiya ödəməlidir.
“Avropalılar ABŞ təminatları olmadan sülhməramlı qüvvələr göndərmək istəmirlər. Siz zəmanət verməlisiniz”, – deyə o bildirib.
Tampın Kiyevin zəif mövqedə olması və Ağ Evə şərt qoya bilməməsi ilə bağlı fikirlərinə cavab olaraq Zelenski bildirib: "Mən bura kart oynamaq üçün gəlməmişəm".