Bakı, AzerVoice
Bugün Ağ Evdə Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında faydalı qazıntılar üzrə aparılan danışıqlar zamanı gərgin anlar baş verib.
AzerVoice xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.
Məlumata əsasən, Tramp deyib ki, ABŞ olmasaydı, Putin Ukraynanı 3 günə məğlub edəcəkdi.
"Siz ABŞ-yə hörmətsizlik edirsiniz, bu müharibəni bitirməyin zamanıdır. Hazırda sizə görə, III dünya müharibəsinin astanasındayıq",- deyə o bildirib.
Tramp, Zelenskiyə, Ukraynanın bu müharibədə Rusiyaya qalib gələ bilməyəcəyini və bu müharibəni qazanmaq üçün "kartlarının" olmadığını bildirib.
Bununla yanaşı Tramp, Zelenskinin kostyum geyinməməyinin bəzi amerikalıları narahat etdiyini vurğulayıb.
Qeyd edək ki, daha öncə Tramp, Fransa Prezidenti Emmanuel Makronla Ağ Evdə keçirdiyi birgə mətbuat konfransında, Avropanın Ukraynada sülhün əldə edilməsi və bu ölkənin uzunmüddətli təhlükəsizliyinin təmin edilməsinə daha çox töhfə verəcəyini vurğulamışdı.
Xatırladaq ki, ötən ilin sentyabr ayında Trampla görüşü zamanı Zelenski ABŞ-ın Ukraynanın nadir torpaqlarına və kritik minerallarına birbaşa sərmayə qoyması ideyasını irəli sürüb. O, bunu ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirməsini təmin etmək üçün atılan addım kimi qiymətləndirib. Lakin Trampın tələb etdiyi şərtlər müharibədə məğlub olan ölkələrə tətbiq edilən təzminatlardan daha sərt idi.