Bakı. AzerPress:
Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi müasir Azərbaycan tarixində xüsusi əlamətdar hadisə hesab edilir. Tarixi qərar ölkəmizin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, Zəfər platformasında baş tutacaq Prezident seçkilərinin böyük çoşqu və ruh yüksəkliyi şəraitində keçiriləcəyi şübhəsizdir.
Bu fikirləri AzerPress-ə Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.
Deputat vurğulayıb ki, növbədənkənar Prezident seçkilərinin keçirilməsi Azərbaycan və bütün region üçün yaranan yeni tarixi reallıqlara diktə edir.
“Bu reallıqların müəllifi isə Prezident İlham Əliyevdir. Möhtərəm Prezidentimiz, Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin dayanıqlı inkişafı üçün əsaslı addımlar atdı. Prezident olduğu müddətdə İlham Əliyev ölkəmizi regional liderə çevirdi. Bugünkü Azərbaycan regionda güclü iqtisadiyyata və orduya malik ən stabil ölkədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafa, xalqımızı firavan həyata, ölkəni 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpasına qovuşdurmaq idi. Əslində məqsədyönlü surətdə aparılan siyasət, hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı”, - deyə o, əlavə edib.
S. Hüseynova qeyd edib ki, növbədənkənar Prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı, suverenliyimizin bərpası fonunda keçirilməsi tarixi önəm daşıyır.
“Prezident seçkiləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə baş tutacaq. Bu mənada fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti hesab edilir. Bu kontekstdə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi düşməklə yanaşı, Azərbaycanın qarşıya qoymuş olduğu hədəflərin reallaşmasına, ölkəmiz üçün yeni üfüqlərdə inkişafına başlıca zəmin hesab olunur. Sözsüz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etməklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa olunmaqla müasir tariximizin ən parlaq səhifəsi açılıb. Şanlı üçrəngli bayrağımızı Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda qürurla dalğalandıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin seçkilərlə bağlı qərarı özünə, xalqın dəstəyinə inamın, əminliyin başlıca təzahürüdür",- deyə deputat qeyd edib.