Bakı. AzerPress:
Seçkilər hər bir xalqın tarixində çox vacib və əlamətdardır. Biz tarixdə seçkilərin xalqları hara gətirib çıxardığını görmüşük.
Bu barədə AzerPress-in suallarını cavablayarkən Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
O qeyd edib ki, ümumiyyətlə seçkilərin keçirilməsi, xalqın özünə lider seçməsi, həmin liderin qarşıya qoyduğu məqsədləri reallaşdırması deməkdir.
"Əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyev hər zamanki kimi çox vacib və böyük planlarla gələcəyə gedir. Əgər 2003-cü ildə Azərbaycan xalqı səhv etsəydi, başqalarını seçsəydi, biz Qarabağın azad olduğunu görə bilməzdik.
2024-cü il Azərbaycan xalqı üçün çox vacibdir. Biz müharibədən çıxan xalq kimi ilk dəfə Xankəndidə, Xocalıda öz liderimizi, prezidentimizi seçəcəyik. Eyni zamanda 2024-cü il region və region ətrafında çox çətin geosiyasi proseslərin getdiyi bir vaxtdır. Dünyada münaqişə ocaqlarının canlandığının şahidi oluruq. Belə bir dövr Azərbaycanda vahid bir sistemli siyasətin fövqündə bizim geosiyasi böyük oyunçular arasında ziddiyyətlərdən sığortalanmağımızı tələb edir. Prezident İlham Əliyevin xarici siyasətdə öngörücülüyü, daima düzgün seçimlər etməsi və qarşıya qoyduğu məqsədlərə çatması, hər zaman bərabərtərəfli əməkdaşlıq ortaya qoyması və bu uğurda prinsipiallıq nümayiş etdirməsi heç kəsə sirr deyil.
2024-cü il 7 fevral tarixi 2023-cü il sentyabrda başlayan yeni mərhələnin ən vacib təqvimi olacaq. Bu təqvimdən sonra biz Cənubi Qafqazda Azərbaycanın yeni layihələr həyata keçirəcəyini, tarixi torpaqlarla bağlı qarşısına qodyuğu məqsədlərə nail olacağının, milli ideada vacib məqsədlərə yiyələnəcəyinin şahidi olacağıq. Məhz milli idea olmadan, xalqın gələcəyini firəvan etmək olmaz", - deyə o, bildirib.
Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il fevralın 7-də keçiriləcək.