Bakı. AzerPress:
Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi demokratik prosesin tərkib hissəsidir.
AzerPress xəbər verir ki, bu fikirləri secki-2024.az saytına açıqlamasında Türkiyədən olan siyasi ekspert, professor Hasan Oktay deyib. O bildirib ki, təkmil idarəetmənin və regionun təhlükəsizlik konsepsiyasının davam etməsi üçün seçkilərin keçirilməsi vacibdir. Türk professor qardaş ölkə Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsini 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni reallıqlarla da əlaqələndirib.
“Azərbaycan şanlı qələbə qazanaraq ərazilərini işğaldan azad etdi. Bunun məntiqi davamı olaraq 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri həyata keçirərək suverenliyini tam bərpa etdi. Bu amil regional reallıqlarda yeni müsbət tendensiya yaratdı. Bu reallıqlardan çıxış edərək növbədənkənar seçkilərin elan edilməsi tam düzgün və məntiqli qərar idi” - deyə, Hasan Oktay əlavə edib.
Professor əmin olduğunu bildirib ki, Azərbaycan xalqı seçkilərdə iştirak edərək öz etimadını ifadə edəcək və xoşbəxt gələcəyinə səs verəcək.
Qeyd edək ki, Azərbaycanda Prezident seçkiləri bu il fevralın 7-də keçiriləcək.
