BAKI, AzerVoice
Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır.
AzerVoice xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında çıxışı zamanı səsləndirib.
Prezident İlham Əliyevin çıxışı
-Əziz dostlar, əziz ağdamlılar, bu gün ölkəmizin tarixində çox gözəl bir gündür. Dirçələn Ağdam şəhərində Muğam Mərkəzinin açılışı tarixi bir gündür. Bu münasibətlə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir. Məhz onun 1993-cü ildə Azərbaycan rəhbərliyinə gəlməsindən sonra Azərbaycan inkişaf yoluna qədəm qoydu. Vəziyyət çox ağır idi. O günləri yaşayan insanlar bunu çox yaxşı xatırlayırlar. Ölkə demək olar ki, idarəolunmaz vəziyyətdə idi. Ölkədə özbaşınalıq, xaos, anarxiya hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətdə, torpaqlarımız isə işğal altında idi və işğal davam edirdi. Ermənistan xarici dəstək ilə Azərbaycana qarşı öz işğalçılıq siyasətini həyata keçirirdi. Nizami ordu demək olar ki, yox idi. Belə bir böhranlı vəziyyətdə - daxili çəkişmələr, müxtəlif bölgələrimizdə xoşagəlməz hadisələr baş verdiyi bir dövrdə xalqın tələbi ilə Ulu Öndərin hakimiyyətə gəlməsi bizim üçün nicat yolunu açdı və o vaxtdan bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir.
Otuz iki il ərzində bir çox hadisələr baş vermişdir. Ancaq bütün hadisələrə, bütün çətinliklərə baxmayaraq, biz inkişaf yolumuzdan dönmədik. O vaxt müharibəni dayandırmaq gənc dövləti xilas etmək üçün yeganə yol idi. Ağır bir qərar idi. Torpaqlarımızın böyük hissəsi işğal altında idi, bir milyondan çox insan evsiz-eşiksiz qalmışdı. Ancaq müharibə dayanmasaydı, biz daha böyük faciə ilə üz-üzə qala bilərdik. Bu, çox müdrik, amma çətin qərar idi. Bu, bizə imkan verdi ki, Azərbaycan inkişaf yoluna qədəm qoysun. İmkan verdi ki, sabitlik bərpa edilsin, nizami ordu qurulsun, iqtisadi inkişaf üçün ilkin imkanlar yaransın, nizami ordu yaradılsın. Yəni, biz bütün keçmiş tarixə nəzər salarkən, təbii ki, görürük, nə qədər məqsədyönlü, düşünülmüş addımlar atılmışdır. O addımlar ki, bugünkü Azərbaycan reallıqlarını təmin edir.
Əlbəttə, həyat yerində durmur. Son 22 il ərzində dünyada və ölkəmizdə bir çox hadisələr baş vermişdir. Ancaq strateji xətt Ulu Öndər tərəfindən müəyyən edildi və biz o xətdən bir addım kənara atmadıq. Bu gün azad Qarabağda sizin qarşınızda çıxış etmək böyük xoşbəxtlikdir. Bu gün Qarabağ dirçəlir, bərpa edilir. İkinci Qarabağ müharibəsindən keçən dörd il yarım ərzində quruculuq işləri göz qabağındadır. O cümlədən Ağdam şəhərində də bunu görmək mümkündür. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq, bərpa işləri aparılır. İşğal dövründə Ermənistan dövləti məqsədyönlü siyasət apararaq bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir. Buraya və azad olunmuş digər bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü və bir çox hallarda hiddətini gizlədə bilmirlər. Onlara başa salanda ki, bu dağıntılar müharibə zamanı yox, atəşkəs zamanı törədilmişdir, əlbəttə ki, erməni faşizminin eybəcər sifəti açıq-aydın görünür.
Bizə qarşı soyqırımı törədilmişdir, bizə qarşı urbisid törədilmişdir, ekosid törədilmişdir. Erməni faşizmi bu bölgəni daim işğal altında saxlamaq istəyirdi və əfsuslar olsun ki, onların arxasında duran bəzi xarici dövlətlər onlarla həmrəy idi. Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız.
İşğal dövründə - 30 il ərzində biz hər gün bu müqəddəs azadlıq gününü yaxınlaşdırırdıq. Hər birimiz öz iş yerində vahid amal uğrunda birləşərək, azadlıq üçün, azadlıq müharibəsi üçün yorulmadan çalışırdıq. Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. Biz açıq-aydın başa düşürdük və görürdük ki, hansı qüvvələr Ermənistana dəstək verir, hansı qüvvələr onların arxasındadır, hansı qüvvələrlə biz üz-üzə gələ bilərik və gəlmişik də. Amma bu, bizi çəkindirmədi. Artıq biz “öldü var, döndü yoxdur” şüarı ilə yaşayırdıq və 44 günlük Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir. Bu, bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi. Onu göstərdi ki, Azərbaycan xalqı mütləq və tam qələbə qazanmaq üçün öz canından keçməyə hazırdır. Qələbəmizi bir çox amillər şərtləndirdi. Biz son dörd il yarım ərzində bu barədə dəfələrlə danışmışıq, fikirlərimizi bölüşmüşük.
Bütün bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil - milli ruhda tərbiyə olunan gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar - bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdır və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür. Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur.
Buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışını xatırlayırdım. O vaxt Ağdam şəhəri və rayonun böyük hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam Mərkəzinin təməli qoyuldu və 2018-ci ilin noyabr ayında açılışı oldu. Mən orada incəsənət xadimləri ilə görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək olan dairələr onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradılmışdı. İndi onlar peşmandırlar. O gündən iki il sonra Vətən müharibəsi başladı və cəmi 44 gün ərzində biz tarixi Zəfər çaldıq, Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu və Qarabağın əsas hissəsi, böyük hissəsi işğaldan azad edildi. Ancaq biz bilirdik ki, bu, tarixi Qələbə olsa da, ölkə suverenliyi hələ tam bərpa edilməyib. Hələ ki, Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədinə biz nəzarət etmirdik, bəlli olan səbəblərə görə. Əlbəttə ki, biz 2020-ci il noyabrın 10-dan 2023-cü il sentyabrın 20-nə qədər yenə də hər gün, hər saat siyasi, diplomatik, hərbi və digər alətləri işə salaraq bax bu günü - 20 sentyabr gününü yaxınlaşdırırdıq. Nəhayət 2023-cü il sentyabrın 20-də Azərbaycanın dövlət suverenliyi tam bərpa edildi və 30 il ərzində qanunsuz fəaliyyət göstərən dırnaqarası “Dağlıq Qarabağ Respublikası” artıq tarixin zibilxanasına göndərildi.
Bu gün biz azad Qarabağda azad yaşayırıq. Bu gün Ağdam və bütün digər şəhərlərimiz bərpa edilir. Bu gün səhər Ağdam dəmir yolu vağzalının açılışını qeyd etdik. Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var. Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.
Ağdam-Bərdə avtomobil yolu. İndi Bakıdan gələn qonaqlar o yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib. İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır. Yəni bu, yenə də xalqımızın zəhməti hesabına qazanılan nailiyyətdir. Bütün bunları biz öz hesabımıza edirik və bütün işləri də özümüz planlaşdırırıq. Bütün insanlar həvəslə, zövqlə işləyirlər. Belə gözəl mədəniyyət ocaqları yaradırıq və bu gün burada məndən sonra çıxış edəcək bizim tanınmış ifaçılar öz məharətlərini göstərəcəklər. İstərdim ki, artıq bu gözəl salonda müntəzəm olaraq gözəl muğam bayramları, o cümlədən muğam müsabiqələrinin tədbirləri keçirilsin. Əminəm ki, belə də olacaq.
Mən sizin hamınızı ürəkdən təbrik edirəm, həm bu möhtəşəm Muğam Mərkəzinin açılışı, həm də bizim bütün uğurlarımız, əldə etdiyimiz bütün nailiyyətlər və gələcək nailiyyətlər münasibətilə. Biz müzəffər xalqıq, qalib xalqıq. Öz torpağımızda yaşayırıq. Bir daha sübut etdik ki, bu torpaqların sahibi bizik, çünki biz dağıdan yox, qurub-yaradanıq və bundan sonra da bu torpaqlarda əbədi yaşayacağıq.
Yaşasın Ağdam, yaşasın Azərbaycan!