Bakı, AzerVoice
Bu gün Azərbaycan ilə Türkiyə arasındakı birlik, qardaşlıq və həmrəylik bütün Türk dünyası üçün böyük töhfədir. Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, strateji müttəfiqliyimizin gücləndirilmisində əziz Qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri vardır. Ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın birliyindən qaynaqlanan və hazırda dinamik inkişaf edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə rifaha, sülhə və təhlükəsizliyə töhfə verməklə yanaşı, bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.
AzerVoice xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına məktubunda yer alıb.
Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu məkanda yerləşən Azərbaycanda əsrlər boyu ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri dostluq, qardaşlıq, qarşılıqlı etimad və anlaşma şəraitində birgə yaşayırlar. Xalqlararası dostluğun, dinlərarası dialoqun, multikulturalizm və tolerantlıq ənənələrinin qorunması bizim yaşam tərzimiz olmaqla yanaşı, dövlət siyasətimizin prioritet istiqamətlərindəndir. Ölkəmiz, eyni zamanda, qlobal müstəvidə də mədəniyyətlər arasında ahəngdar münasibətləri dəstəkləyir, qarşılıqlı anlaşmaya nail olunması naminə sivilizasiyalararası dialoq zəminində təşəbbüslərlə çıxış edir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün bərqərar olması, sosial-iqtisadi rifahın təmin edilməsi üçün var qüvvəsi ilə çalışır.