BAKI, AzerVoice
Misirin neft naziri Karim Bədavi, İraqın baş nazir müavini və neft naziri Həyyan Əbdülğəni ilə İraq neftinin Misir emal zavodlarında emal edilməsi məsələsini müzakirə edib. AzerVoice xəbərverir ki, Misir Neft Nazirliyinin bazar ertəsi yaydığı bəyanata görə, Bədavi İraqa rəsmi səfəri zamanı "nazirliyin strategiyasını, xüsusilə də ikitərəfli əməkdaşlığın əsas istiqamətlərini təqdim edib".
Səfər zamanı müzakirə ediləcək mövzulara, neft hasilatı fəaliyyətlərinin genişləndirilməsi, Misirin emal, neft-kimya və qaz məhsulları sahələrindəki infrastrukturunun istifadəsinin artırılması, habelə enerji və onun törəmə məhsullarının ticarətində Misirin potensialından faydalanmaq üçün regional əməkdaşlığın gücləndirilməsi daxildir.
Bu çərçivədə nazirlər İraq neftinin Misir emal zavodlarına daşınması və orada emal olunması məsələsini müzakirə ediblər. Bu addım, İraq neftinin regional və beynəlxalq bazarlara çıxışı üçün əlavə imkanlar yaradacaq. Həmçinin, Misir və İraq neft nazirlikləri arasında imzalanmış anlaşma memorandumu yenilənərək yeni sahələri, o cümlədən bərpa olunan enerji sektorunu da əhatə edəcək.
Nazirlər həmçinin Misir şirkətlərinin İraqda mühəndislik, layihələndirmə, tikinti, texniki xidmət və istismar sahələrində fəaliyyətini genişləndirməsini müzakirə ediblər.
Bəyanatda qeyd edilib ki, hər iki ölkədən nümayəndələrin daxil olduğu ortaq idarəetmə komitəsi yaradılacaq və əməkdaşlıq layihələrinin icrasına nəzarət edəcək.
İraqın baş nazir müavini və neft naziri Həyyan Əbdülğəni ölkəsinin Misirlə neft, qaz və bərpa olunan enerji sahələrində əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. O bildirib ki, İraq neft hasilatının artırılması, qaz resurslarının səmərəli istifadəsi və yeni yataqların işlənməsi sahəsində genişmiqyaslı inkişaf layihələri həyata keçirir və Misirlə bu sahələrdə əməkdaşlıq üçün böyük imkanlar mövcuddur.
Qeyd edək ki, İraq və Misir 2020-ci ildə enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb və bu görüşdə iki ölkə arasında ortaq komitələrin yaradılaraq əməkdaşlığın daha da genişləndirilməsi razılaşdırılıb.