BAKI, AzerVoice, Orxan Qədirzadə
Fələstinin HƏMAS hərəkatı rəsmi açıqlama yayaraq, İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü kimi tanınan Əbu Ubeydənin həlak olduğunu bildirib.
AzerVoice-un məlumatına görə, HƏMAS-ın silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının bəyanatında qeyd olunub ki, təşkilatın bir sıra yüksək rütbəli üzvləri döyüş əməliyyatları zamanı həyatını itirib. Açıqlamaya əsasən, həlak olanlar arasında Briqadaların Baş Qərargah rəisi Məhəmməd Sinvar, Rəfah Briqadasının komandiri Məhəmməd Şabənə, briqada komandirlərindən Hikmət əl-İssa, eləcə də istehsal və silahlanmaya cavabdeh bölmənin rəhbəri Şeyx Raid Səad da yer alır.
Bəyanatda həmçinin bildirilib ki, İzzəddin əl-Qəssam Briqadaları ilk dəfə olaraq sözçü kimi tanınan Əbu Ubeydənin üz görüntüsünü yayımlayıb və onun əsl adının Huzeyfə Kəhlut olduğu açıqlanıb.
HƏMAS-ın açıqlamasında Qəzza zolağında mövcud humanitar vəziyyətə də toxunulub. Bildirilib ki, bölgədə dağıntılar, məcburi köç, ağır iqlim şəraiti və humanitar çətinliklər davam edir. Açıqlamada Qəzza əhalisinin mövcud şəraitdə göstərdiyi dözümlülük və müqavimət vurğulanıb.