Bakı, AzerVoice:
İsrailin Rəfaha hücumu yüz minlərlə insanın həyatını riskə atacaq və bütün Qəzza zolağında humanitar əməliyyatlara böyük zərbə vuracaq.
AzerVoice xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə İdarəsinin sözçüsü Yens Laerke deyib.
İsrail şimalda münaqişədən qaçaraq Qəzza zolağının cənubunda, müvəqqəti sığınacaqlarda və düşərgələrdə məskunlaşan təxminən bir milyon köçkünün yaşadığı Rəfahda HƏMAS-a qarşı əməliyyat keçirəcəyini vəd edib.
Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 34 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.
Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.
İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.
İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.
Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.
UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.
Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.