BAKI, AzerVoice, Nəmin Ağayeva
Türkiyə Diyanət Vəqfi (TDV) Qəzzaya 35 milyon dollara yaxın humanitar yardım çatdırıb.
AzerVoice xəbər verir ki, TDV 2023-cü ilin oktyabr ayından etibarən İsrailin hücumları nəticəsində dağıntılar və humanitar böhranla üzləşən Qəzzaya yardım fəaliyyətlərini davam etdirir.
Vəqf humanitar yardımı üç fərqli kanal vasitəsilə həyata keçirir, yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edərək Qəzzanın şimal və cənub bölgələrində ehtiyacı olanlara çatdırır. Misirdən alınan yardım isə yük maşınları vasitəsilə Rafah Sərhəd keçid məntəqəsindən göndərilir, AFAD koordinasiyasında isə Mersindən El Ariş limanına gəmilərlə daşınır.
Bu günə qədər 1,5 milyon insana isti yemək paylanıb, 79 min 350 ərzaq bağlaması, 21 min 550 təmizlik paketi, 3,4 ton içməli su və 2 milyon 295 min nəfərə çörək təmin edilib. 16 min çarpayı, yastıq, həsir və yorğan, 2 min 200 çadır, 50 min litr yanacaq, 50 min nəfərə dərman və tibbi yardım, 173 790 ailəyə pul yardımı çatdırılıb.
Qəzzaya indiyədək ümumilikdə 926 TIR humanitar yardım göndərilib və TDV-nin “Fələstinə Fövqəladə Yardım” səyləri çərçivəsində verdiyi ümumi yardım təxminən 35 milyon dollara çatıb.