BAKI, AzerVoice
İranın ali lideri Ayətullah Əli Xamenei, regionda artan təhlükəsizlik təhdidləri və davam edən İsrail-İran münaqişəsi fonunda, öldürüləcəyi və ya vəfat edəcəyi təqdirdə öz yerinə keçə biləcək üç yüksək səviyyəli şiə dini alimini qeyri-rəsmi şəkildə müəyyənləşdirib.
Mənbələrin bildirdiyinə görə, bu addım son dövrlərdə Xameneiyə qarşı potensial sui-qəsd ehtimallarının müzakirə edildiyi şəraitdə atılıb. Adları açıqlanmayan bu üç fiqurun hər biri İran İslam Respublikasının teokratik sistemində nüfuzlu dini-mədəni təsirə malikdir və Xameneinin siyasi xəttini davam etdirə biləcək şəxslər kimi qiymətləndirilir.
Gizli seçkiyə ehtiyac qalmaya bilər
İran konstitusiyasına görə, ali liderin ölümündən sonra ölkənin rəhbərliyi "Xobreqan Şurası" tərəfindən seçilməlidir. Lakin Xameneinin öncədən namizədləri müəyyən etməsi bu prosesi sürətləndirə və rəsmi təyinat zamanı həmin adların seçilməsini təmin edə bilər.
Xamenei öz təhlükəsizliyindən narahatdır
Xüsusilə 2025-ci ilin iyun ayında İsrailin İran ərazisinə intensiv hava hücumları və yüksək rütbəli SEPAH komandirlərinə qarşı qəsdlərdən sonra, Xameneinin şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıq artıb. O, yaxın dairəsinə mümkün ölüm halında ölkədə siyasi xaosun yaranmaması üçün əvvəlcədən hazırlıq görülməsini tövsiyə edib.
Xameneinin bu addımı, İran daxilində güc mübarizəsinin daha da qızışa biləcəyi ehtimalını gündəmə gətirir. Hərçənd ali liderin təyin etdiyi şəxslər bu mərhələdə rəsmi olaraq elan edilməyib, ancaq siyasi və dini dairələrdə onların kimliyinə dair ehtimallar irəli sürülməkdədir. Nəzarətli keçid dövrü planlaşdırılsa da, İranın gələcək rəhbərliyi ətrafında ciddi daxili çəkişmələr gözlənilir.