BAKI, AzerVoice
Türkiyə Prezidentinin müavini Cevdet Yılmaz İsrail ilə İran arasında davam edən qarşıdurmaların regional sabitlik və təhlükəsizlik üçün ciddi risklər yaratdığını bildirib.
AzerVoice xəbər verir ki, kabinə toplantısından sonra jurnalistlərin suallarını cavablandıran Yılmaz, problemin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb.
Yılmaz bildirib ki, münaqişənin hansı istiqamətdə inkişaf edəcəyini və nə qədər davam edəcəyini öncədən söyləmək çətindir.
“Bu gərginlik nə qədər uzanarsa, bir o qədər də enerji qiymətlərinə və ticarət marşrutlarına təsiri artacaq. Nəticədə bu, yalnız region ölkələrini deyil, bütün dünya iqtisadiyyatını təsir altına alan risklər yaradacaq”- deyə o bildirib.
Prezidentin müavini qeyd edib ki, tərəflərin, xüsusilə də nüvə məsələləri daxil olmaqla, danışıqlar masasına qayıtması üçün səylər artırılmalıdır. O, bölgənin sabitlik və sülhə ehtiyacı olduğunu və problemin hərbi deyil, siyasi yolla həll edilməsinin önəmli olduğunu bildirib.
Türkiyənin regionda sülh və sabitliyin təmin olunması üçün bütün konstruktiv təşəbbüslərə dəstək verdiyini deyən Yılmaz, Prezident Rəcəb Tayyib Ərdoğanın diplomatik təmaslarının bu prosesdə mühüm rol oynadığını qeyd edib.
“Türkiyə sülhün əldə olunması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edəcək,” – deyə o əlavə edib.