BAKI, AzerVoice
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığı baş tutub.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat verib.
Məlumata əsasən, söhbət zamanı İran ilə İsrail arasında son günlərdə baş verən qarşıdurmalar və regionda yaranmış gərginlik müzakirə edilib.
Ərdoğan, telefon danışığı zamanı İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərliyi altında həyata keçirilən hücumların bölgənin sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhdid olduğunu vurğulayıb. O, İsrailin İrana qarşı hücumunun regionda gərginliyi artırdığını və onun dayandırılmasının vacibliyini qeyd edib.
Ərdoğan, habelə, beynəlxalq ictimaiyyətin Fələstindəki münaqişəyə göz yummasının İsrailin hüququ tanımayan, aqressiv siyasətini təşviq etdiyini bildirib. O, ABŞ ilə İran arasında davam edən nüvə müzakirələri fonunda İsrailin İrana hücumunun sülh səylərini pozmağa yönəldiyini və bu hücumların səbəb olduğu nüvə sızıntısının həm regional, həm də qlobal təhlükəsizlik üçün ciddi təhdid yaratdığını qeyd edib.
Türkiyə Prezidenti əlavə edib ki, region yeni bir müharibəyə dözə bilməz və mümkün müharibənin bütün bölgə ölkələri üçün qeyri-nizamlı miqrasiya dalğalarına səbəb ola biləcəyini diqqətə çatdırıb. Ərdoğan, nüvə məsələsində yeganə həll yolunun dialoq və danışıqların davam etdirilməsi olduğunu bildirib.