BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi — Suriyanın yeni prezidenti Əhməd Əl-Şəraa daxili və xarici siyasətə dair mövqeyini və məsuliyyətlərini şərh edərkən, devrilmiş prezident Bəşşər Əsədin hakimiyyəti dövründə mövcud olan bütün tabu və sərhədləri pozaraq açıq danışdı.
O, “əvvəllər qadağan olunmuş” mövzuları açıq şəkildə müzakirəyə çıxararaq, uzun illər ərzində yalnız ikili və şüarvari formada səsləndirilən, lakin arxa planda fərqli cərəyan edən məsələlərə, o cümlədən İsraillə münasibətlərə və işğal olunmuş Suriya torpaqlarına toxundu. İdeoloji şüarlardan çox praktik həll yollarına üstünlük verən Şəraanın ABŞ-ın “Jewish Journal” qəzetinə verdiyi müsahibəsi onun hakimiyyətə gəlməsindən cəmi 6 ay sonra ilk dəfə yəhudi mətbuatına danışması baxımından da diqqət çəkdi.
Əsəd rejiminin mirası
28 may tarixində dərc olunan müsahibəni jurnalist Conatan Bas belə təqdim edir: “Çoxlu suriyalılar Əhməd Şəraanı inqilabçı yox, müharibədən və parçalanmış kimlikdən əziyyət çəkən ölkəni yenidən qura biləcək bir lider kimi görür. Dəməşq dünyanın ən qədim yaşayış şəhəridir, divarlarının hər küncündə tarix pıçıldayır. Bu, yalnız hakimiyyət deyil, həm də yenidənqurma, barış və uzun müddət sarsılmış millətin yükü haqqında söhbət üçün münasib bir yerdir”.
Bas prezident haqqında təəssüratını belə ifadə edir: “O, sakit təbiətlidir, amma dediyi hər söz ölçülüb-biçilmişdir. Səsində zəfər tınısı yoxdur, dediklərini həqiqətən nəzərdə tutur”.
Əl-Şəraa deyir: “Biz yalnız xarabalıqları deyil, həm də travmanı, inamsızlığı və yorğunluğu miras almışıq. Amma ümid də var. Hə, kövrəkdir, amma gerçəkdir”.
Onilliklər ərzində Suriya itaət və səssizlik, birlikdəyaşama və nifrət, sabitlik və repressiya arasında balans saxlayan bir rejim tərəfindən idarə olunurdu. Əsəd ailəsi – əvvəl Hafiz, sonra Bəşşər – dəmir yumruqla hökmranlıq etdi, qorxu və edamlarla hakimiyyətini möhkəmləndirdi, ölkənin institutlarını zəiflətdi və müxalifəti qanlı üsyana çevirdi.
Bas yazır ki, Əl-Şəraa bu irsi çox aydın görür. O deyib: “Keçmiş hələ də hər kəsin gözündə, hər küçədə, hər ailədə mövcuddur. İndi bizim borcumuz onu təkrar etməməkdir. Yumşaldılmış versiyası ilə də yox. Tamamilə yeni bir şey yaratmalıyıq”.
Suriyalıların inamı
Əl-Şəraa Suriya kütləvi məzarlıqlarının sirrini açmaq üçün ABŞ ilə əməkdaşlığa ehtiyac olduğunu etiraf edib. O deyib: “DNT bazalarının yaradılmasından tutmuş, keçmişdəki cinayətlərə görə məsul şəxslərin əməkdaşlığına qədər hüquq-tibb texnikası və avadanlıqlarının təmininə ehtiyacımız var”.
Əl-Şəraa əlavə edib: “Əgər yalnız mən danışıram, deməli, Suriya heç nə öyrənməyib. Biz bütün səsləri – dünyəvi, dini, qəbilə, akademik, kənd və şəhər – dialoq masasına dəvət edirik. Dövlət indi başqalarına diktə etməkdən çox dinləməlidir”.
Suriyalıların ehtiyacları
Müharibənin boşaltdığı şəhərlərdə və hələ də münaqişənin təsirini hiss edən kəndlərdə siyasət deyil, normal həyata dönüş, evlərin bərpası, uşaqların böyüdülməsi və dinc şəkildə dolanışıq əldə etmək arzusu üstünlük təşkil edir.
Əl-Şəraa bunu yaxşı bilir. O, kənd təsərrüfatı, sənaye, tikinti və ictimai xidmətlərdə iş yerlərinin yaradılmasına yönəlmiş fövqəladə iqtisadi proqramların icrasını sürətləndirir. O deyib: “İdeologiyadan danışmaq vaxtı deyil. İnsanlara qalmaq üçün səbəb, yaşamaq üçün səbəb, inanmaq üçün səbəb verməliyik.Hər bir gəncin işi olarsa, radikallaşma riski azalacaq. Hər bir məktəbli uşaq gələcəyin səsidir”.
Əl-Şəraa region investoru ilə tərəfdaşlıqların, geri dönənlər üçün kiçik biznes qrantlarının və yalnız müharibə görmüş gənclər üçün peşə təliminin vacibliyini vurğulayıb. O deyib: “Suriyanın sabitliyi nitqlərlə və şüarlarla qurulmayacaq, əməllərlə qurulacaq: bazarlarda, sinif otaqlarında, fermalarda və emalatxanalarda. Biz təchizat zəncirlərini bərpa edəcəyik. Suriya yenidən ticarət və mübadilə mərkəzinə çevriləcək”.
İsraillə münasibətlər
Əl-Şəraanın bu iqtisadi baxışının arxasında daha dərin bir yanaşma dayanır. Bir nəsil itirdikdən sonra suriyalılar müharibədən beziblər. Onlar yalnız müharibəsizlik deyil, həm də fürsətlər istəyirlər. Bas yazır ki, söhbətin ən həssas hissəsində Əl-Şəraa Suriyanın gələcəkdə İsraillə münasibətlərini şərh edib. Bu mövzu 1948-ci ildən bölgədə hərbi reydlər, gizli əməliyyatlar və vasitəçi müharibələr kimi münaqişələrə səbəb olub.
Əl-Şəraa deyib: “Bir məsələni aydın demək istəyirəm. Qarşılıqlı bombardman dövrü bitməlidir. Qorxu içində yaşayan heç bir dövlət inkişaf etmir. Reallıq budur ki, bizim ortaq düşmənlərimiz var. Biz regional təhlükəsizlikdə əsas rol oynaya bilərik”.
O, 1974-cü ilin atəşkəs sazişi olan Dova razılaşmasına qayıtmaq istədiyini bildirib. Bu razılaşmanın təkcə atəşkəs yox, qarşılıqlı təmkin və mülki vətəndaşların, xüsusilə də Cənub Suriyadakı və Colan yüksəkliklərindəki druzların qorunması üçün baza ola biləcəyini deyib. “Suriya druzları alət deyil. Onlar Suriyanın köklü, tarixən sadiq vətəndaşlarıdır, qanunla qorunmağa layiqdirlər. Onların təhlükəsizliyi müzakirə edilə bilməz”, – deyə vurğulayıb.
O, dərhal normallaşmanı təklif etməsə də, beynəlxalq hüquq və suverenlik əsasında gələcək danışıqlara açıq olduğunu bildirib.
Tramp – sülh adamı
Əl-Şəraanın n çox diqqət çəkən
təklifi isə cəsarətli diplomatik təşəbbüs olub: ABŞ prezidenti
Donald Tramp ilə birbaşa görüşmək istəyi.
“Mətbuat onu necə təqdim edirsə etsin, mən onu sülh adamı kimi
görürəm. Biz ikimiz də eyni düşmənin hücumuna məruz qaldıq. Tramp
gücün, nüfuzun və nəticələrin nə demək olduğunu yaxşı başa düşür.
Suriyanın regionda dialoqu yenidən başlatmaq üçün qərəzsiz
vasitəçiyə ehtiyacı var. Əgər regionda sabitlik və ABŞ ilə
müttəfiqləri üçün təhlükəsizlik naminə bir uzlaşma əldə etmək
mümkündürsə, mən bu dialoqa hazıram. O, bu bölgəni bərpa edə
biləcək yeganə insandır və bizi addım-addım birləşdirə bilər”.-deyə
o bildirib.