Əsas səhifə » "Silahlar danışmasa da, Hizbullahın mediası danışır: Ərəb ölkələri hədəfdə"

"Silahlar danışmasa da, Hizbullahın mediası danışır: Ərəb ölkələri hədəfdə"

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Livan Prezidenti Aparatının Mətbuat Xidməti son günlərdə bəzi yerli media orqanlarında və sosial şəbəkələrdə ərəb ölkələrinə qarşı yayımlanan tənqid və təhqir xarakterli materiallara qarşı sərt reaksiya verdi. Bəyanatda jurnalistlər milli, hüquqi və etik məsuliyyətə çağırıldı, xüsusilə dost və qardaş ərəb ölkələrinə qarşı təxribat xarakterli informasiyalardan çəkinməyə çağırış edildi.

İTTİHAMLAR "MÜQAVİMƏT" MEDİASINA , YƏNİ HİZBULLAHA YÖNƏLİR
Ad çəkilməsə də, bəyanatın hədəfi, açıq şəkildə İran yönümlü "müqavimət mediası" idi. Bu media qurumları Livanla ərəb ölkələri arasında son vaxtlar müşahidə olunan siyasi yaxınlaşmanı pozmaq üçün fəaliyyətdə ittiham olunur. Xüsusilə də Hizbullahın silahsızlaşdırılması və dövlətin suverenliyi istiqamətindəki çağırışların gücləndiyi bir dövrdə bu media vasitələrinin ərəb ölkələrini hədəf alması təsadüfi sayılmır.

SİLAH MƏSƏLƏSİ ƏTRAFINDA YENİ GƏRGİNLİK
Mənbələrə əsasən, Livanda Hizbullahın silahlarının dövlətin nəzarətinə verilməsi mövzusu yenidən aktuallaşıb. Bu çağırışlar, Prezident Cozef Aunun seçilməsi və Nəvvaf Salamın hökumət başçısı təyin olunması ilə paralel olaraq artıb. Hizbullah isə bu prosesə media üzərindən cavab verir, ərəb ölkələrinə yönəlik tənqid və ittihamları gücləndirir.

“SİLAHIN SƏNİ QORUYUR” – YENİ PROPAGANDA KAMPANİYASI
Hizbullaha bağlı “Əl-Manar” televiziyası yeni vizual kampaniya başladıb: “Silahın atındır – onu qorusan, o da səni qoruyar”. Şüar altında hazırlanan posterlər, sosial media paylaşımları və açıq təbliğatlar, beynəlxalq ictimaiyyətin silahsızlanma tələblərinə qarşı çıxış kimi qiymətləndirilir.

SİYASİ LİDERLƏRİN MÜDAFİƏSİ VƏ MEDİA HÜCUMLARI
Hizbullahın tanınmış simalarından olan deputat Həsən Fəzzullah medianı hədəfə alaraq, silahsızlanma mövzusunda yayılan məlumatları "təxribat və psixoloji müharibə" adlandırıb. Hizbullahın əlaqə və koordinasiya bölməsinin rəhbəri Vəfiq Safa isə çıxışında deyib: “Silahsızlanma yalnız sosial şəbəkələrdəki spekulyasiyalarda var.” Onun fikrincə, bu mövzu yalnız İsrailin Livan ərazisindən tam çəkilməsi və orduya dəstək strategiyası qurulduqdan sonra müzakirə edilə bilər.

HİZBULLAH RƏHBƏRLİYİNDƏN HƏDƏLƏR
Hizbullahın Siyasi Şurasının sədr müavini Mahmud Qamati isə bir qədər də sərt çıxış edərək “müqavimət silahına uzanan hər əli kəsəcəyik” deməklə dolayısıyla silah məsələsini müzakirə edənlərə qarşı açıq təhdid ifadə edib. Daha sonra bu ifadələrinin silahsızlanmanı dəstəkləyənlərə yönəldiyini açıqlayıb.

MƏDİA ÜZƏRİNDƏ DAİMİ TƏZYİQLƏR
Fevral ayında da Hizbullah deputatı İbrahim Musəvi “Əl-Manar” kanalına verdiyi müsahibədə Livan mediasını “vəziyyəti düzgün təqdim etməməkdə” ittiham etmiş, bəzi telekanalları “düşmənin təbliğatına xidmət etməkdə” suçlamışdı. Xüsusilə Cənub bölgəsindəki dağıntıların işıqlandırılmasını “müqavimətin nüfuzuna zərbə” kimi qiymətləndirmişdi.

DAXİLİ MÜQAVİMƏTƏ MESAJ VERMƏK CƏHDİ
Siyasi təhlilçilərə görə, bu media hücumları əslində Hizbullahın daxili auditoriyasına ünvanlanmış mesajlardır. Çünki partiya artıq beynəlxalq və regional səviyyədə silahsızlanmanın qaçılmaz olduğunun fərqindədir. Ona görə də hazırda baş verənlər “daxili auditoriyanı psixoloji olaraq bu reallığa hazırlamaq” üçün atılan addımlar kimi şərh edilir.

Ərəb dünyasının Livanla əlaqələrini normallaşdırmaq səyləri davam edir. Prezident Cozef Aun və Baş nazir Nəvvaf Salam bu istiqamətdə konstruktiv dialoqu dəstəkləyirlər. Hizbullah isə dəyişən geosiyasi reallıqlar qarşısında, öz varlığını qorumaq məqsədilə informasiya cəbhəsində mövqe sərtləşdirməyə üstünlük verir. Lakin dövlətin suverenliyi və beynəlxalq təzyiqlər fonunda Hizbullahın silahlarının nəzarət altına alınması məsələsi artıq yalnız daxili müzakirə deyil, regional təhlükəsizlik gündəminin ayrılmaz hissəsinə çevrilib.

Digər Kateqoriyalar

2025 © Azervoice