BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
İsrail ordusu şənbə günü bəyan etdi ki, “düşmən qüvvələrinin” druzların yaşadığı ərazilərə daxil olmasının qarşısını almaq üçün Suriyanın cənubunda mövcudluğunu qoruyub saxlayacaq. Müşahidəçilərin fikrincə, bu addım İsrailin Suriyada hərbi mövcudluğunu reallığa çevirmək və onu sərhədyanı ərazilərlə məhdudlaşdırmamaq məqsədi daşıyır.
İsraillilər Suriya prezidenti Əhməd əş-Şəranın hökumətinin zəifliyini və acizliyini fürsət bilib, özlərini Livanda olduğu kimi, Suriya məsələsində də birbaşa tərəf kimi möhkəmləndirməyə çalışırlar.
Lakin İsrailə əsaslı bəraət verən səbəb, “yeni Suriyanın” azlıqlar məsələsini ədalətli şəkildə idarə edə bilməməsidir. Hökumət qüvvələrinin tərkibində və ya onlarla müttəfiq olan radikal silahlı qrupların olması səbəbilə azlıqlar, xüsusilə də sahil bölgəsinə yönəlmiş məzhəbçi döyüşçülərin hücumlarından sonra öz təhlükəsizlikləri üçün ciddi narahatlıq keçirməyə başlayıblar. İddia olunur ki, bu hücumlar nəticəsində bəziləri şəxsiyyətinə görə hədəfə alınaraq qətlə yetirilmiş onlarla insan ölüb.
Druzlarla bağlı gərginliyin uğursuz şəkildə idarə olunması bəzi gənclər arasında separatist meylləri artırıb. Onlar silahlarını təhvil vermək və druz ərazilərini hökumətə bağlı radikal silahlıların ixtiyarına buraxmaqdan imtina edirlər. Bu hal hökumət nümayəndə heyəti ilə druz şeyxləri arasında əldə olunmuş razılaşmaların pozulmasına, druz silahlılarına qarşı təşkil olunan pusqulardan sonra daha da güclənib.
Əksər druzlar İsrailin Suriyadakı hər hansı roluna qarşı çıxsa da, hökumət qüvvələrinin və onların müttəfiqlərinin aqressiv davranışları bir çox druzu xarici dəstək axtarmağa vadar edib. Bu dəstək ya İsraildən, ya da beynəlxalq qüvvələrdən ola bilər. Druzların ən nüfuzlu dini liderlərindən biri olan Şeyx Hikmət əl-Hicri cümə axşamı “sülhü qorumaq üçün beynəlxalq qüvvələrin müdaxiləsini” tələb etdi. Dəməşq isə bu tələbi “bölünməni daha da artıracaq bir addım” kimi dəyərləndirdi.
“Artıq özünü hökumət adlandıran bir quruma inanmırıq... Hökumət öz xalqını ona bağlı təkfirçi dəstələr vasitəsilə öldürməməlidir. Sonra isə bu vəhşiliyi törədənləri nəzarətdən çıxmış fərdlər kimi təqdim etməməlidir. Hökumət xalqını qorumalıdır.” –deyə Hikmət əl-Hicri bildirib.
Maraqlıdır Hikmət əl-Hicri niyə eyni reaksiyanın Əsəd rejimi sünni suriyalıları qətl edərkən nümayiş etdirməyib.
İsrail öz mövqeyini Suriya prezidenti Əhməd əş-Şəraaya olan güvənsizlik üzərində qurur. O, əvvəllər Əl-Qaidənin bir qolu olan təşkilatın komandirlərindən biri olub. Eyni zamanda İsrail Livan və öz ərazisində də tərəfdarları olan druz azlığını qorumaq istədiyini bildirir.
İsrail ordusu bildirib ki, o, “düşmən qüvvələrinin druz kəndlərinin ətrafına qayıtmasının qarşısını almaq” üçün Suriyanın cənubuna yerləşdirilib. Ordu özünün müxtəlif ssenarilərə qarşı müdafiə hazırlığını qoruduğunu, lakin konkret yerləşdirilən qüvvələrin sayını açıqlamadığını deyib.
Qısa bəyanatda deyilir: “Hadisələri izləməyi davam etdiririk və müxtəlif ssenarilər üçün hazırlıqlıyıq”
Suriyanın Suveyda vilayətindəki druz icmasının bir nümayəndəsi bildirib ki, bölgədə İsrail əsgərlərinin hər hansı bir yerləşdirilməsi baş verməyib. Onun sözlərinə görə, İsrailin hərbi mövcudluğu “yalnız Colan yüksəklikləri yaxınlığındakı Quneytra vilayəti ilə məhdudlaşır”. Bu bölgədə İsrail ordusu dekabr ayında Bəşşar Əsədin devrilməsindən sonra mövqelər qurub.
Druz ağsaqqalları Suriyadakı azlıqları sakitləşdirmək və daimi sülh sazişinə nail olmaq məqsədilə ekstremist yerli və xarici döyüşçüləri təhlükəsizlik qüvvələrindən uzaqlaşdırmaq üçün hökuməti razı salmaq istiqamətində Vəlid Cunblatın roluna ümid bəsləyirlər.
Son üç ayda ikinci dəfə Dəməşqə səfər edən Cunblat, prezidentlə görüşərək həftənin əvvəlində baş vermiş təhlükəsizlik xaosunun qarşısını almağa və iki tərəfdən onlarla insanın ölümünə səbəb olan gərginliyin köklü səbəblərini araşdıracaq şəffaf və hərtərəfli istintaq tələb etməyə çalışıb.
Bu səfəri təkcə məzhəbi kontekstdə və ya druz maraqları çərçivəsində qiymətləndirmək doğru olmaz. Cunblatın təşəbbüsü daha geniş bir məqsədə xidmət edir: Suriyadakı druzlar arasında kənarlaşma və İsrailin müdaxiləsi nəticəsində yaranan təcridçi meyllərin qarşısını almaq.
Səfər həmçinin xaricə, xüsusilə İsrailə açıq bir mesaj göndərir: Suriyalı druzların təcrid edilməsi və ya alətə çevrilməsi cəhdləri bölgədəki druzlar, o cümlədən onların ən böyük siyasi siması tərəfindən rədd ediləcək.
Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin verdiyi məlumata görə, İsrail hərbi təyyarələri cümə gecə, şənbə günü isə səhər saatlarında Suriyanın müxtəlif bölgələrində 20-dən çox hava zərbəsi endirib. Bu hücumlar İsrailin Dəməşqdəki prezident sarayının yaxınlığında zərbə endirdiyini bildirməsindən sonra həyata keçirilib.
Bu hava hücumları Dəməşq ətrafında və cənub bölgələrdə druz döyüşçüləri ilə təhlükəsizlik qüvvələri və hökumətə bağlı döyüşçülər arasında baş verən qarşıdurmalardan sonra baş verib. Suriya İnsan Hüquqları Müşahidə Mərkəzinin məlumatına görə, bu qarşıdurmalarda iki gün ərzində 100-dən çox insan ölüb.
İsrail ordusu bildirib ki, “gecə ərzində” beş druz vətəndaşı Suriyadan tibbi yardım üçün İsrailə təxliyə olunub. Yaralılar Səfd şəhərindəki Ziv Tibb Mərkəzinə yerləşdirilib. Onlar Suriyada yaralanıblar.
Ordunun verdiyi rəsmi məlumata əsasən, həftənin əvvəlindən bəri ümumilikdə 15 Suriyalı druz İsrail xəstəxanalarına yerləşdirilib.
BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen şənbə günü İsraili Suriyaya qarşı hücumlarını dərhal dayandırmağa çağıraraq, ölkənin suverenliyinin davamlı pozulmasını qınayıb.
Pedersen X platformasında paylaşdığı açıqlamada deyib: “İsrailin Suriyanın suverenliyini pozan ardıcıl və artan hücumlarını qətiyyətlə pisləyirəm. Dəməşq və digər şəhərlərə təşkil olunan çoxsaylı hava hücumları da buna daxildir.” O əlavə edib: “Bu hücumların dərhal dayandırılmasına və İsrailin Suriyalı mülki vətəndaşları təhlükə altına salmamasına çağırıram.”
İsrailin müdafiə naziri Yisrael Katz isə martın əvvəlində verdiyi açıqlamada, “əgər rejim druzlara zərər yetirərsə”, Suriyaya qarşı hərbi müdaxilə edəcəkləri ilə hədələyib.