BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Livan Silahlı Qüvvələrinin baş komandanı, prezident Cözef Aun
tərəfindən irəli sürülən Hizbullah döyüşçülərinin Livan
ordusuna inteqrasiya olunması ideyası, 1990-cı ildəki
vətəndaş müharibəsindən sonra digər partiya döyüşçüləri ilə
aparılan təcrübəyə bənzədilərək gündəmə gətirildi və siyasi
dairələrdə, ekspertlər arasında ciddi müzakirəyə səbəb oldu.
Bu təklif hələlik geniş dəstək qazanmamışdır. Ekspertlərə görə, Livan ordusunun Hizbullah üzvlərini müxtəlif səbəblərdən qəbul etməsi mümkün deyil. Onlar bu təklifin Hizbullaha silahlarını dövlətə təhvil vermək qarşılığında təqdim olunan bir “təskinlik hədiyyəsi” olduğunu deyirlər. Həmçinin vurğulanır ki, "ideoloji inanca və dini vəzifə təyinatına bağlı olan" bir qurumun üzvləri rəsmi orduya inteqrasiya oluna bilməz.
Prezident Aun verdiyi bir açıqlamada bildirmişdi: “Hizbullah döyüşçüləri üçün orduda müstəqil bir birlik yaradılması mümkün deyil, lakin onlar fərdi şəkildə orduya qəbul oluna bilər və 1990-cı illərdə olduğu kimi təlim kurslarından keçərək orduya uyğunlaşdırıla bilərlər.”
Bu təklifə münasibət bildirən " Livan Qüvvələri " (al-Quvvət əl-Lübnaniyyə) fraksiyasının üzvü, deputat Qiyass Yəzbək qeyd edib ki, “Hizbullah özünün 100 min döyüşçüsünün olduğunu iddia edir, halbuki Livan ordusunun bu qədər şəxsi qəbul etmək imkanları yoxdur.Tutaq ki, bu rəqəm 25 min nəfərdir, bu sayda döyüşçünün belə qəbul olunması mümkün deyil, çünki ordunun öz heyətinə belə xarici yardım olmadan maaş ödəməsi çətindir.”
O bildirib ki, Livanın milli təhlükəsizlik strategiyası –
prezident və hökumətlə birgə ordunun müəyyən etdiyi sənəd – hələlik
ölkənin ordu və təhlükəsizlik qüvvələrinə nə qədər ehtiyac
duyduğunu müəyyən etməyib.
“Hizbullah” döyüşçülərinin mövqeyi
Təqaüddə olan briqada generalı, təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Xalid Həmadə bildirib ki, Hizbullah döyüşçülərinin orduya inteqrasiyası təklifi silahların dövlətə təhvil verilməsi üçün bir cəhdin bir hissəsidir və bu, parlament sədri Nəbih Bərrinin vasitəçiliyi ilə əldə olunan və partiyanın dəstəyi ilə razılaşdırılmış atəşkəs razılaşmasının icrası çərçivəsində gündəmə gətirilmişdir.
Həmadənin fikrincə, bu inteqrasiya prosesi bir çox çətinliklərlə üzləşəcək. Çünki vətəndaş müharibəsindən sonra keçmiş milislərin silahsızlaşdırılaraq dövlət strukturlarına inteqrasiya olunması prosesi ilə indiki vəziyyət arasında mühüm fərqlər var. O qeyd edib: “O zaman milis liderləri ‘Taif Sazişi’ni qəbul etdilər, silahlarını könüllü şəkildə təhvil verdilər və siyasi prosesin bir parçası oldular. Ancaq bu gün Hizbullah atəşkəs razılaşmasını tanımır, silahlarını təhvil vermək istəmir və hərbi qanadının ləğvini qəbul etmir. Belə olduğu halda, bu cür inteqrasiya təklifi heç bir nəticə verməyəcək.”
Hizbullahın ideoloji doktrinası
Siyasi və təhlükəsizlik ekspertləri qeyd edirlər ki, "Hizbullahın ideoloji kimliyi və onun inanc əsaslı strukturu Livan ordusunun milli və sekulyar doktrinası ilə uyğun gəlmir. Deputat Yəzbək deyir ki, “Partiya hələ də Livanı İranın bağçası, bağı kimi görür. Bunu partiyanın baş katibinin müavini Naim Qasimin ‘biz silahı təhvil verməyəcəyik’ bəyanatı da sübut edir.”
Keçmişdəki milis liderləri livanlı idilər və onların qərarları ölkədaxili idi. Ancaq Hizbullah İranla üzvi əlaqəyə malikdir. Digər bir tərəfdən maraqlıdır ki, “Ali rəhbərin” (vali-yi fəqih) dini təyinatı ilə hərəkət edən hərbi qrupla, dövlətin hüquqi və demokratik mexanizmləri çərçivəsində hərəkət edən milli ordu bir arada necə fəaliyyət göstərə bilər?”
Hizbullah döyüşçülərinin dövlət strukturuna inteqrasiyası məsələsində ilkin və ən əsas addım onların silahı dövlətə təhvil verməsidir. Ondan sonra digər Livan vətəndaşları kimi dövlətə qəbul imtahanlarına girə bilərlər. Çünki Hizbullah üzvləri cəmiyyətin bir hissəsidir və istisna təşkil etməməlidirlər. Ancaq bu məsələnin ‘Hizbullaha xoş gəlmək’ üçün ortaya atılması nəticə verməyəcək. Hizbullah əvvəlcə dövləti tanımalı, silahların yalnız dövlətin əlində olması prinsipini qəbul etməli və beynəlxalq qərarların icrasına razı olmalıdır. Yalnız bundan sonra inteqrasiya ilə bağlı real addımlar atıla bilər