Bakı,AzerVoice
Orta Türk dili dövründən (900–1500-cü illər) etibarən ərəb yazı sistemi İslam dünyasının bütün türkdilli ərazilərində istifadə edilirdi. Bu yazı sisteminin Xarəzm, Çağatay, Volqa, Osmanlı və Azərbaycan türkçəsi üçün fərqli variantları mövcud idi. Ərəb yazı sistemi ilə Azərbaycan dilində ilk yazılı mətnlər isə XIV–XV əsrlərə aiddir. Bu yazı sisteminə yalnız türk dili üçün xarakterik olan bəzi hərflər (ڭ گ ۋ ﭺ پ ژ) də daxil idi.
Şah I Abbasın dövründəki çarlıq Rusiyası mənbələrinə görə, rus səfirləri Səfəvi şahının cavabının türk dilində, tatar yazısı ilə olmasını arzulamışdır. Bu, XVI–XVIII əsrlərdə Avropa, Kiçik Asiya və Yaxın Şərq hökmdarlarından gələn və onlara gedən məktubları tərcümə etmək üçün, rus çarlarının xeyli sayda katib saxlamasının məntiqi nəticəsi idi. (Floor, Willem; Javadi, Hasan. "The Role of Azerbaijani Turkish in Safavid Iran". Iranian Studies. 46 (4). 2013: 569–581. doi:10.1080/00210862.2013.784516. ISSN 0021-0862.)
Qeyd edək ki, Uppsala Universitetində saxlanılan XVII əsr Azərbaycanca əlyazmaları nadir bir şəkildə latın yazı sistemi ilə yazılmışdır. ( Johanson, Lars. Restricted Access Isfahan – Moscow – Uppsala. On Some Middle Azeri Manuscripts and the Stations Along Their Journey to Uppsala // In Csató, Éva Á.; Gren-Eklund, Gunilla; Johanson, Lars; Karakoç, Birsel (eds.). Turcologica Upsaliensia: An Illustrated Collection of Essays. Brill. 2020. 167–179. ISBN 978–9004435704.)
M.Rəsulzadə “Yeni Kafkasya” jurnalının 1923-cü ildə çap olunan ikinci sayındakı “Azərbaycanda Latın əlifbası” adlı məqaləsində mühacir azərbaycanlıların buna qarşı çıxmasının əsl səbəbini bu şəkildə qeyd edib: “Azərbaycan Latın hərfləri ilə yazıb-oxumağa başlayarsa, İstanbulda çıxan kitabları oxumaqdan məhrum qalar, eləcə də Bakıda intişar edəcək əsərləri Anadolu oxuya bilməz”.
Rəsulzadəyə görə, Latın hərfinə keçməklə ruslar Azərbaycanla Türkiyə arasındakı mədəni rabitəni kəsmək istəyiblər. Bu əlaqənin qırılmasını Çar Rusiyasının fərqli şəkildə (Türkiyədən və İrandan müəllimlərin gəlişinə qadağa qoyulması, türk dilinin məktəblərdə yasaqlanması və s.) həyata keçirdiyini yazan Rəsulzadə fikrini bu şəkildə izah edib: “Əgər bu sistemi ilə bərabər o (Çar Rusiyası – D.Ə) cəbrən Latın hərflərini də tətbiq etdirsəydi, bugünkü milliyətpərvərlikdən və milli kültürdən bir əsər belə qalmazdı. Qüvvətli Rusiya təzyiq və təmsilinə qarşı dayanan qüvvət Türkiyə ilə münasibətdə bulunan yerli mətbuat idi”.
Rəsulzadə bu məsələdə olduqca haqlı idi. Çar Rusiyası dövründə İstanbulda yaşanan hadisələri, oradakı fikir və siyasi mücadilələri Qafqaz Azərbaycanında məhz mətbuat vasitəsilə xəbər tuturdular. Təkcə Osmanlı ilə deyil, Krım, Türküstan, Misir və s. bölgələrlə də əlaqələr bu əlifba üzərindən qurulurdu. İstanbulda çıxan mətbuata Bakıda abunə olunurdu, eləcə də Bakıda çıxan qəzetlər Osmanlı paytaxtına göndərilirdi. Əgər Çar dövründə Azərbaycanda Latın əlifbası qəbul olunsaydı, bu mədəni əlaqələrdə qopuqluq olacaqdı. Rəsulzadə 1922-ci ildə Azərbaycanın Latın əlifbasına keçməsini də məhz bu səbəbdən qəbul edə bilmirdi. Çünki təkcə Azərbaycanın Latın əlifbasına keçməsi onu Türkiyə və türk-müsəlman dünyasından ayıracaqdı. Buna görə də Rəsulzadə həmin məqaləsində yazırdı: “İşğal hökuməti Azərbaycanın əsgəri, siyasi, iqtisadi istiqlalını imha eylədiyi kimi, Latın hərflərinin tətbiqi ilə mədəni istiqlalını da imha edir. İştə bu siu-qəsdi duyan Azərbaycan gəncliyi bütün qeyrəti ilə Latın hərflərinin feilən tətbiqinə mane olur”.
Azərbaycan dilində yazının latın qrafikasına keçirilməsi üçün ilk layihələr 19-cu əsrin ortalarında meydana çıxdı. Bu layihələrdən biri Mirzə Fətəli Axundzadə tərəfindən tərtib edilmişdi, amma layihə elə kağız üzərində də qaldı. Beləliklə, 1857-ci ildə Axundov ərəb əlifbasının islahatı ilə bağlı ilk layihəsini fars dilində yazdı, burada ərəb yazısının çatışmazlıqlarına işarə etdi və həll yollarını təklif etdi. 1863-cü ildə Axundov öz layihəsinə dəstək tapmaq məqsədilə İstanbula səfər etdi. Lakin Axundovun layihəsinin bəyənilməsinə baxmayaraq, "Əncüməni Daniş" Elmi Cəmiyyəti tərəfindən layihə rədd edildi. Cavabında Axundov "İslam əlifbasını tamamilə rədd etməyi, Avropa yazı sistemini qəbul etməyi və buna görə soldan sağa yazmağı" təklif etdi. Yeni bir layihə üzərində işləməsi nəticəsində Axundov Avropa sisteminə əsaslanan 42 hərfli (32 samit və 10 sait) yeni bir əlifba tərtib etdi. Axundov yeni layihədə həm ərəb əlifbasında mövcud olan hərfləri qorudu, həm də əskik saitləri əlavə etdi.
20-ci əsrin əvvəllərində Latın əlifbasına keçid məsələsi Azərbaycan ziyalıları tərəfindən dəfələrlə gündəmə gətirildi. Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Nəriman Nərimanov və başqaları ərəb əlifbasının dəyişdirilməsini müdafiə etdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmi bir ay sonra – 27 iyun 1918-ci ildə türk dilini rəsmi dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində formalaşmış milli ideologiyanın birbaşa nəticəsi idi.
Əsası Cümhuriyyət dövründə qoyulmuş əlifba məsələsində daha sonra praktik addımlar atılmağa başlanılır.
1921-ci ilin dekabr ayından başlayaraq N.Nərimanovun təşəbbüsü ilə, dil və əlifba məsələlərinə həsr edilmiş müzakirələr keçirilirdi. Bu müzakirələr zamanı əlifba məsələsində iki cərəyan yarandı. “Latınçılar” (ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsini israr edənlər) və “ərəbistlər” (ərəb əlifbasının islahı tərəfdarları). Yanvar ayının 13-də hər iki tərəfdən ayrıca komissiya yaradıldı. “Latınçılar” komissiyasının ümumi tərkibi 8 nəfərdən ibarət idi. Fərhad Ağazadə (sədr), Xudadat Məlik Aslanov, Abdulla Tağızadə, Məhəmməd Əmin Əfəndizadə, Həmid Şaxtaxtlı, Azad Əmirov, Əhməd Pepinov, və Hüseyn İsrafilbəyov. “Latınçılar” komissiyasına Fərhad Ağazadənin sədr seçilməsi onun əlifba məsələsində latınçılar arasında böyük hörmət və söz sahibi olduğunu göstərirdi. O dövrdə Azərbaycanda istifadə olunan ərəb əlifbasına müəyyən dəyişikliklər etməklə bu əlifbanın saxlanılmasının xeyli tərəfdarları olsa da, əlifbanın yeni latın əlifbası ilə əvəz olunmasını yeganə düzgün yol hesab edənlər daha sistemli və əsaslı dəlillər gətirməklə bu mübarizədən qalib çıxdılar.
O zaman “ərəbistlər” aşağıdakı 7 müddəanı ortaya qoyaraq latın əlifbasına keçidə heç bir ehtiyac olmadığını israr edirdilər.
- Hurufatın çətinliyi mədəniyyətə mane ola bilməz, olsaydı, sabiqədə ərəblərin və indi də yaponların mədəniyyəti olmazdı. Firənglərin və ingilislərin də imlaları çətindir, fəqət onların da mədəniyyəti bundan müşkülə düşməmişdir.
- Ərəb hurufatının çətinliyindən farslar və ərəblər özləri heç bir şikayət etmirlər.
- Hərgah ərəb hurufatının təbdilinə ehtiyac vardırsa, latın hurufatına nə için tərcih verilsin? Başqası yaramazmı?
- Latın hurufatı qəbul edilərsə, köhnə ədəbiyyatımızın başına nə gələcəkdir?
- Latın hurufatını camaət qəbul edərmi?
- Latın hurufatını qəbul edib-etməmək məsələsi için Azərbaycan Cümhuriyyəti dar bir yerdir. Yalnız burada qəbul edilərsə, islam millətlərindən ayrılmış qalar.
- Hərgah latın hurufatına ehtiyac vardırsa, bunun qəbulu inqilab yolu ilə deyil, təkamül yolu ilə icra etməlidir.
Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq qısa hakimiyyəti dövründə Azərbaycan (türk) dili ilə bağlı görülən işlər və verilən qərarlar həm Cümhuriyyət dövrü, həm də ondan sonrakı dövr üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cümhuriyyət XIX əsrin
sonlarından əlifba və dillə bağlı başlayan hərəkatı, bütün prosesləri ümumiləşdirərək dil sahəsində konkret addımlar atmışdır.
Cümhuriyyətin 23 aylıq mövcudluğu ərzində dil sahəsində gördüyü işlər nəinki həmin dövrdə yalnız Azərbaycanda, hətta bütün türk dünyasında gələcəkdə dillə bağlı yerinə yetirilməli işlər üçü cığır açdı və sonrakı proseslərə öz müsbət təsirini göstərdi. 1919-cu ildə yeni əlifba hazırlamaq üçün Azərbaycan Xalq Cümhuriyyəti Təhsil Nazirliyinin nəzdində bir komissiya yaradıldı. Abdulla bəy Əfəndizadənin təqdim etdiyi layihələrdən biri təsdiqlənərək çap olundu. Əfəndizadənin əlifba layihəsi: a ä b c ç d e ë f g h i j k l m n n̈ o ö p q ƣ r s t u v w x y z ƶ '(apostrof).
Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsi bu layihənin həyata keçirilməsinə mane oldu. Azərbaycan Sovet Sosialist Respublikası elan olunduqdan sonra Azərbaycan yazılarının latınlaşdırılması məsələsi yenidən aktuallaşdı. Uzun müzakirələrdən sonra 1922-ci ildə yeni əlifba təsdiqləndi və 1925-ci ildə ərəb əlifbası ilə paralel olaraq rəsmi istifadəyə verildi.
1922 əlifbası: Aa Bb Cc Çç Dd Ee Əə Ff Gg Ƣƣ Hh Ii Jj Kk Ll Mm Nn Ŋŋ Oo Ɵɵ Pp Qq Rr Ss Tt Uu Vv Xx Yy Zz Ƶƶ '(apostrof)
1926-cı ildən etibarən yeni əlifbanın təkmilləşdirilməsi ilə bağlı müzakirələr başladı. 1926-cı ilin mayında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Səməd ağa Ağamalıoğlu latın qrafikasına keçidi Şərqdəki inqilabın mərkəzi məsələsi elan edir. Nəticədə, 1933-cü ildə bəzi hərflərin stilini, bəzilərinin isə fonetik qarşılığını dəyişdirən yeni bir əlifba qəbul olundu. 1938-ci ildə latın qrafikalı Azərbaycan əlifbasından N̡ n̡ (sağır n) hərfi çıxarıldı.
Ölkəmiz müstəqilliyini bərpa edəndən sonra, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi, amma icrası illərlə uzandı. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən, bu proses başa çatdı. 2001-ci ilin 1 avqustunda ölkə ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçdi.
2001-ci ilin 9 avqustunda Prezident Heydər Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı.
Fərmanda Azərbaycan xalqının tarix boyu müxtəlif əlifbalardan istifadə etdiyi diqqətə çatdırılaraq ilk dəfə XX əsrin 20-ci illərində gerçəkləşən latın qrafikalı əlifbaya keçidin əhəmiyyəti vurğulanırdı.
Qeyd olunurdu ki, Azərbaycan ərazisində İslamın yayıldığı dövrlərdən başlayaraq xalqımız min ildən artıq bir zaman ərzində ərəb əlifbasından istifadə etmiş, ölkəmizin böyük ədibləri, mütəfəkkirləri bu əlifbada yazdıqları əsərlərlə bəşər sivilizasiyasını zənginləşdirmişlər.
Öz qaynağını Avropadan alan yeni dövrün maarifçilik hərəkatı Azərbaycan mədəniyyətinin inkişaf istiqamətini müəyyənləşdirmiş və bu da yeni mədəniyyət tipinə uyğun müasir əlifbaya olan ehtiyacı aktuallaşdırmışdı. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını reallaşdırdı.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında Əlifba Komitəsinin yaradılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Qısa bir müddət ərzində latın qrafikasının işlədilməsi Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı. Bütün bu nailiyyətlərə baxmayaraq, həmin əlifba 1940-cı il yanvarın 1-dən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu. Bundan sonra yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Lakin təcrübə göstərdi ki, kiril qrafikasının dilimizin səs quruluşuna uyğunlaşdırılması yolunda nə qədər cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün deyildir, bu da onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını gücləndirirdi.
Beləliklə, on ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi...


