Əsas səhifə » Zeytun yağının tərkibindəki maddə kökəlməni artıra bilər

Zeytun yağının tərkibindəki maddə kökəlməni artıra bilər

BAKI, AzerVoice

Yeni araşdırmaya görə, zeytun yağında olan oleik turşusu uzunmüddətli istifadədə piylənməyə səbəb ola bilər.

AzerVoice xəbər verir ki, Oklahoma, Yale və Nyu-York universitetlərinin alimləri tərəfindən aparılan tədqiqat zeytun yağının tərkibindəki oleik turşusunun bədəndə yeni yağ hüceyrələrinin yaranmasına səbəb olduğunu ortaya çıxarıb.

Mütəxəssislər bu halın xüsusilə ürək-damar xəstəlikləri riski daşıyan insanlar üçün təhlükə yarada biləcəyini bildiriblər.

Aralıq dənizi mətbəxinin əsas komponenti olan zeytun yağı adətən sağlamlıq üçün faydalı hesab olunur. Lakin siçanlar üzərində aparılan bu araşdırma göstərib ki, oleik turşusu bəzi zülalların aktivliyini dəyişərək yağ hüceyrələrinin sayını artırır və bu da piylənməyə gətirib çıxara bilər. “Siz yağ hüceyrələrini bir ordu kimi düşünə bilərsiniz. Oleik turşusu tətbiq edildikdə, bu ordunun sayı artır və artıq qida maddələrini saxlamaq qabiliyyəti güclənir” - deyə Məqalənin həmmüəllifi Dr. Michael Rudolph bildirib.

Araşdırmanın nəticələri "Cell Reports" jurnalında dərc olunub. Alimlər qeyd ediblər ki, oleik turşusu orta səviyyədə istifadə edildikdə faydalı ola bilər, lakin yüksək miqdarda uzunmüddətli istehlak sağlamlığa mənfi təsir göstərə bilər.

Qeyd edək ki, tədqiqatlar hələlik yalnız siçanlar üzərində aparılıb və insanlarda eyni təsirin olub-olmayacağı tam bəlli deyil. Mütəxəssislər zeytun yağından istifadə edərkən ehtiyatlı olmağı və müxtəlif yağ mənbələrinə üstünlük verməyi tövsiyə edirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice