Əsas səhifə » Depressiyanın Ən Aydın Əlaməti: Ümidsizlik Hissi

Depressiyanın Ən Aydın Əlaməti: Ümidsizlik Hissi

BAKI, AzerVoice

Depressiya insanın emosional, fiziki və zehni sağlamlığına dərin şəkildə təsir edən, gündəlik həyatı çətinləşdirən ciddi psixi sağlamlıq pozuntusudur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, hazırda dünyada təxminən 264 milyon insan bu vəziyyətdən əziyyət çəkir. Mütəxəssislər depressiyanın ən diqqətçəkən və təhlükəli əlamətinin ümidsizlik hissi olduğunu vurğulayırlar.

İstanbul Okan Universiteti Xəstəxanasının psixiatriya bölməsindən Dr. Davut Genç artan depressiya hallarına diqqət çəkərək, bu problemin həm fərdi, həm də ictimai səviyyədə təsirlərinin ciddi olduğunu bildirib.

Depressiyanın əlamətləri fərqli formalarda üzə çıxa bilər. Ən geniş yayılmış simptomlar arasında daimi kədər, boşluq hissi, həyata marağın itməsi və ümidsizlik hissi yer alır. Fiziki baxımdan yorğunluq, enerji çatışmazlığı, yuxu və iştah pozuntuları, səbəbi bilinməyən bədən ağrıları da tez-tez müşahidə olunur.

Zehni simptomlar isə konsentrasiya çətinliyi, qərar vermədə çətinlik, gələcəyə dair mənfi düşüncələr və ən təhlükəlisi olan ölüm və intihar fikirlərini əhatə edir.

Mütəxəssislər bildirirlər ki, depressiyanın yaranmasına bir neçə amil səbəb ola bilər. Genetik meyl, beyində kimyəvi balanssızlıq, travmalar, sosial təcrid, maliyyə çətinlikləri, eləcə də uşaqlıqda yaşanan istismar halları risk faktorları arasındadır. Ailəsində depressiya olan şəxslərin bu xəstəliyə tutulma ehtimalı daha yüksəkdir.

Depressiyanın müalicəsində erkən müdaxilə və şəxsə uyğun planlaşdırılmış yanaşma olduqca əhəmiyyətlidir. Psixoterapiya və antidepressant dərmanlar əsas müalicə üsulları arasında yer alır. Antidepressantlar beyin kimyasındakı pozuntuları tənzimləməklə simptomların azalmasına kömək edir.

Buna baxmayaraq, hələ də cəmiyyətdə antidepressantlara qarşı yanlış yanaşmalar mövcuddur. Mütəxəssislər bu dərmanların nə asılılıq yaratmadığını, nə də şəxsiyyəti dəyişdirmədiyini bildirirlər.

Digər Kateqoriyalar

2025 © Azervoice