BAKI, AzerVoice
ABŞ-ın Los-Anceles şəhərində məhkəmə “Johnson & Johnson” şirkətini xərçəng səbəbindən həyatını itirən qadının ailəsinə 966 milyon dollar təzminat ödəməyə məcbur edib. AzerVoice xəbər verir ki, qərar bazar ertəsi axşamı münsiflər heyəti tərəfindən çıxarılıb və “Reuters” agentliyinin məlumatına görə, şirkət qadının ölümündə məsuliyyət daşıyır.
Bu, şirkətin məhsulları - xüsusilə uşaq üçün nəzərdə tutulan talk pudrası ilə bağlı xərçəng riskinə görə üzləşdiyi ən son məhkəmə işlərindən biridir.
Kaliforniyada yaşayan və 2021-ci ildə 88 yaşında dünyasını dəyişən Mey Mur adlı qadının ailəsi həmin il şirkətə qarşı iddia qaldırmışdı. İddiada bildirilirdi ki, “Johnson & Johnson”un talk əsaslı uşaq pudrası asbest lifləri ehtiva etdiyi üçün qadında nadir bir xərçəng növü - mezotelyoma yaranıb.
Münsiflər heyəti şirkəti məsuliyyətli sayaraq ailəyə16 milyon dollar maddi təzminat və əlavə olaraq 950 milyon dollar cəza təzminatı ödənilməsinə qərar verib.
Hüquq ekspertləri qeyd ediblər ki, ABŞ Ali Məhkəməsinin qərarlarına əsasən, cəza təzminatı ümumilikdə maddi təzminatı 9 dəfədən artıq keçməməlidir, buna görə məbləğ apellyasiya mərhələsində azaldıla bilər.
“Johnson & Johnson”un qlobal məhkəmə işləri üzrə vitse-prezidenti Erik Haas bəyanatla çıxış edərək, qərarı “dəhşətli və konstitusiyaya zidd” adlandırıb və şirkətin dərhal apellyasiyaya müraciət edəcəyini açıqlayıb.
Şirkət öz məhsullarının tamamilə təhlükəsiz olduğunu, asbest tərkibli olmadığını və xərçəng yaratmadığını iddia edir.
2020-ci ildə “Johnson & Johnson” ABŞ bazarında talk tərkibli uşaq pudrasının satışını dayandırmış, onu qarğıdalı nişastasından hazırlanmış yeni formula ilə əvəz etmişdi.
Hal-hazırda “Johnson & Johnson” 67 mindən çox iddiaçı ilə məhkəmə qarşısındadır. Onların hamısı talk əsaslı məhsullardan istifadə etdikdən sonra xərçəngə tutulduqlarını bildirirlər.
Şirkət 2023-cü ildən etibarən bu iddiaları vahid hüquqi çərçivə altında birləşdirmək və ödənişləri məhdudlaşdırmaq üçün müxtəlif hüquqi mexanizmlər tətbiq etməyə çalışır.
Bununla belə, Los-Ancelesdə çıxarılan son qərar şirkət üçün mühüm presedent hesab olunur və digər oxşar məhkəmə işlərinə də təsir göstərə biləcəyi ehtimal edilir.