BAKI, AzerVoice, Fərid Mikayılov
Türkiyənin milli ödəniş sistemi TROY loqolu kartların sayı 67 milyona çatıb.
AzerVoice xəbər verir ki, Türkiyənin Banklararası Kart Mərkəzinin (BKM) baş direktoru Ozan Deniz, kartlı ödənişlərdə TROY-un 20 faizlik bazar payı əldə etdiyini və yaxın dövrdə sistemin xaricdə də keçərli olacağına dair işlərin başlandığını açıqlayıb.
Deniz bildirib ki, TROY-un inkişafında həm vətəndaşların etimadı, həm də dövlətin və bankların dəstəyi həlledici rol oynayıb.
“Artıq ölkə daxilində hər 100 lirənin 20-si TROY ilə ödənilir. Bu, həm iqtisadi müstəqillik, həm də texnoloji azadlıq baxımından böyük qazanclardır”- deyə o bildirib.
Deniz, TROY-un xaricdə istifadəsinin mobil operatorların rouminq modeli ilə həyata keçiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, yaxın coğrafiya və xüsusilə Türk dövlətlərində TROY-un istifadəsi üçün ilkin təmaslara başlanılıb.
BKM rəhbəri qeyd edib ki, TROY sadəcə plastik kart deyil, həm də NFC, QR kod, rəqəmsal cüzdan inteqrasiyası kimi müasir texnologiyalarla təchiz olunub. Bundan əlavə, nəqliyyat və gündəlik alış-verişlərdə endirim kampaniyaları ilə kartın cəlbediciliyi artırılacaq.
Deniz, TROY-un strateji planlarını açıqlayaraq üç mərhələli hədəfləri qeyd edib:
- Qısamüddətli: Hər kart sahibinin cibində bir TROY kartı olması və əməliyyatların ən az 25 faizinin TROY ilə aparılması.
- Ortamüddətli: Türkiyədə bazar liderliyinin əldə olunması.
- Uzunmüddətli: TROY-un ixrac edilməsi və beynəlxalq ödəniş şəbəkəsinə çevrilməsi.
“Bu sistemlə həm milli iqtisadiyyata milyardlarla lirə qənaət edilir, həm də vətəndaşlarımız qlobal standartlarda, təhlükəsiz ödəniş imkanı əldə edirlər”- deyə Deniz əlavə edib.