Əsas səhifə » Bayraktar TB3 Quru Qoşunlarının silah inventarına daxil edilib

Bayraktar TB3 Quru Qoşunlarının silah inventarına daxil edilib

BAKI, AzerVoice

Bayraktar TB3 Quru Qoşunlarının inventarına daxil edilir.

AzerVoice xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanı, ordu generalı Səlcuq Bayraktaroğlu, Bayraktar TB3 SİHA-nın performansını yüksək qiymətləndirərək bu pilotsuz uçuş aparatının Quru Qoşunları Komandanlığının inventarına daxil ediləcəyini açıqlayıb.

Bu açıqlama "DENİZKURDU-II" təlimləri çərçivəsində verilib. Təlimi TCG Anadolu gəmisindən Dəniz Qüvvələri Komandanı admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları Komandanı general Bayraktaroğlu və Hərbi Hava Qüvvələri Komandanı general Ziya Camal Kadıoğlu birlikdə izləyiblər.

“Bu gün olduqca uğurlu bir təlimi izlədik. Bayraktar TB3-ün fəaliyyəti dünyada bir ilkdir. Quru Qoşunları Komandanlığı olaraq dünyanın ən çox İHA və SİHA istifadə edən ordularından biriyik. İdarəetmə və texnologiya baxımından da öncül mövqedəyik. İlk partiyanı inventara daxil edəcəyik və ən yaxşı şəkildə istifadə edəcəyik” - deyə General Bayraktaroğlu bildirib.

Təlim zamanı TB3-ün TCG Anadolu gəmisindən uğurla havaya qalxması və quru hədəflərinə iki dəfə zərbə endirməsi xüsusi vurğulanıb. Hərbi Hava Qüvvələri Komandanı general Ziya Camal Kadıoğlu da bu uğuru yüksək qiymətləndirərək, “Hərbi Hava Qüvvələri olaraq Mavi Vətənin davamı olan Göy Vətəni qorumaq üçün dəniz və hava gücləri arasında sinerji yaratmaq məqsədilə birgə əməliyyatlara üstünlük veririk” - deyə bildirib.

Qeyd edək ki, Bayraktar TB3 Türkiyənin pilotsuz uçuş sahəsində yeni mərhələyə keçdiyini göstərən ən önəmli platformalardan biri hesab olunur.

Digər Kateqoriyalar

2025 © Azervoice