BAKI, AzerVoice
Yanvarın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib.
AzerVoice xəbər verir ki, iclasda Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının sədri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, üzvlər - Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, “Report” İnformasiya Agentliyinin icraçı direktoru Fuad Hüseynəliyev iştirak ediblər.
Şura üzvləri Fondun 2026-cı il üzrə nəzərdə tutulan xərclər smetasının layihəsi, eləcə də din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsi məsələlərini müzakirə ediblər. Fondun xərclər smetasının layihəsinin məqsədyönlülük və səmərəlilik prinsipləri əsasında formalaşdırıldığı diqqətə çatdırılıb. Qeyd olunub ki, nəzərdə tutulan xərclər qurumun Nizamnaməsində müəyyən edilmiş məqsədlərə uyğun olaraq mənəvi dəyərlərin təbliği, dini maarifləndirmə işlərinin gücləndirilməsi, eləcə də din xadimlərinin sosial rifahının yaxşılaşdırılmasını nəzərdə tutur.
İclasda, həmçinin din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsinin ölkədə sağlam dini mühitin qorunması və möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub, bu istiqamətdə görülən işlərin müsbət nəticələr verdiyi bildirilib.
İclasın yekununda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2026-cı il üzrə nəzərdə tutulmuş xərclər smetasının layihəsinin təsdiq edilməsi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməsi, eyni zamanda cari ildə din xadimlərinə göstərilən aylıq maddi dəstəyin davam etdirilməsi barədə qərar qəbul edilib.
