BAKI,AzerVoice,Fərid Mikayılov
Bu gün 44 günlük Vətən Müharibəsinin başlanmasından düz 5 il keçir. 27 sentyabr həm Azərbaycanın tarixi Qələbəyə gedən yolunun başlanğıcı, həm də Anım Günü kimi yaddaşlarda qalır. Ölkə daxilində və xaricdə milyonlarla soydaşımız Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yad edir.
Müharibə Ermənistan qoşunlarının Azərbaycanın yaşayış məntəqələri və mövqelərini ağır silahlarla atəşə tutmasından sonra başladı. Bu təxribat nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında itkilər oldu. Azərbaycan Ordusu milli təhlükəsizliyə real və potensial təhdidlərin qarşısını almaq üçünv əks-hücuma keçdi.
44 gün davam edən döyüşlər Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi, ordunun qəhrəmanlığı və xalqın birliyi ilə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. İşğal altında olan torpaqlar azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu.
Bu qələbə regionda yeni geosiyasi reallıqlar yaratdı. Azərbaycan yalnız hərbi gücünü deyil, həm də siyasi və iqtisadi nüfuzunu artıraraq regional güc mərkəzinə çevrildi.
Müharibədən sonra Prezident İlham Əliyev Ermənistana sülh müqaviləsi təklif etsə də, qarşı tərəf təxribatlarını davam etdirdi. 2023-cü ilin sentyabrında keçirilən qanunsuz “seçkilər”, silah daşınması və minalama fəaliyyəti Azərbaycanı lokal antiterror əməliyyatına məcbur etdi. Cəmi 24 saatdan az müddətdə separatçı dəstələr tərksilah edildi, Qarabağda xunta rejiminə son qoyuldu, Azərbaycanın suverenliyi bərpa olundu.
44 günlük müharibə və sonrakı antiterror tədbirləri Cənubi Qafqazda yeni siyasi mənzərəni formalaşdırdı. Ermənistan zəifləyərkən, Azərbaycan regional güc statusunu möhkəmləndirdi.
Bu gün isə ölkənin hər yerində, məscidlərdə, kilsələrdə və sinaqoqlarda şəhidlərin ruhuna dualar oxunur. Anım Günü Azərbaycan xalqının milli birliyinin və hər zaman hər hansı təhdid qarşısında birlikdə durmağa hazır olduğunun rəmzi kimi qeyd olunur.