BAKI, AzerVoice
Dost, qardaş və qonşu Azərbaycan Respublikası ilə münasibətlərin inkişafı xüsusi əhəmiyyət kəsb edir.
AzerVoice-un məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Muctaba Dəmirçilu bu gün Bakıda İran İslam İnqilabının qələbəsinin 47-ci illiyinə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, bu əlaqələr ortaq tarixi, mədəni, dini və dil yaxınlığına, eləcə də qohumluq bağlarına söykənir və qarşılıqlı maraqlar əsasında formalaşır.
Səfir deyib ki, bu günlər İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının müstəqilliyinin tanınmasının və iki ölkə arasında rəsmi diplomatik münasibətlərin qurulmasının 34-cü ildönümünə təsadüf edir. İran İslam Respublikası 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub, 1992-ci ilin martında isə Bakıda İran səfirliyinin fəaliyyətə başlaması ilə ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm institusional əsas yaradılıb.
Dəmirçilu əlavə edib ki, ötən 34 il ərzində İran Azərbaycanın müstəqilliyinin sarsılmazlığı, milli suverenliyinin möhkəmləndirilməsi və ərazi bütövlüyünün bərpası yolunda prinsipial və dəyişməz mövqe nümayiş etdirib, hər zaman Azərbaycan dövləti və xalqı ilə həmrəylik göstərib.
"Bu gün də hər iki ölkənin ali rəhbərliyinin siyasi iradəsi nəticəsində ikitərəfli münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir. Prezidentlər və digər yüksək vəzifəli şəxslər arasında davamlı dialoq, enerji və nəqliyyat sahələri də daxil olmaqla birgə iqtisadi layihələrin icrası, eləcə də İqtisadi, Elmi və Mədəni Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclaslarının mütəmadi keçirilməsi bu prosesdə mühüm rol oynayır.
Əminik ki, bu müsbət dinamikanın davamlılığı və möhkəmləndirilməsi sayəsində ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətləri yeni müstəviyə yüksələcək, xalqlarımız isə bu sarsılmaz tərəfdaşlığın bəhrəsini daha dərindən hiss edəcəklər," – deyə o qeyd edib.