BAKI, AzerVoice
Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür.
AzerVoice xəbər verir ki, 25 dekabr 2024-cü il tarixində dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin hava gəmisi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən Qazaxıstan Respublikasının ərazisində, Aktau hava limanı yaxınlığında qəzaya uğramışdır. Qəza nəticəsində ekipajın iki üzvü (kapitan və ikinci pilot), baş bələdçi və 35 sərnişin həlak olmuşdur.
Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən dərc edilmiş ilkin hesabatda aşağıdakı faktlar təsdiqlənir:
1. Dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmış və "Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) məxsus "Embraer 190-100 IGW" tipli sərnişin təyyarəsi Azərbaycan Respublikasının Bakı şəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə müntəzəm J2-8243 reysini yerinə yetirərkən uçuşun başlanğıcından Qroznıya qədər marşrut hissəsində tam uçuşa yararlı vəziyyətdə olmuşdur. Hava gəmisinin uçuşa yararlılığına dair bu məlumatlar, o cümlədən idarəetmə sistemlərinin işi FDR məlumatları ilə təsdiqlənmişdir;
2. Qəza anınadək təyyarənin hər iki mühərriki texniki problem olmadan işləyib. Bu məlumat da FDR məlumatları ilə təsdiqlənir;
3. Rusiya Federasiyasının hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş zamanı təyyarə GPS siqnallarını itirmişdir;
4. Qroznı üzərində əlverişsiz hava şəraiti səbəbindən təyyarə ikinci dəfə eniş edə bilməmiş, bundan sonra kapitan Bakıya qayıtmaq barədə qərar qəbul etmişdir. Bu qərarın qəbulundan sonra Qroznı üzərində CVR-də 24 saniyə fasilə ilə iki xarici səs qeydə alınmışdır;
5. CVR və FDR məlumatlarının müqayisəsi göstərmişdir ki, birinci xarici səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra isə 2-ci hidravlik sistem sıradan çıxmışdır;
6. Foto və video qeydlərlə təsdiqlənmiş, füzelyajda çoxsaylı zədələnmələr aşkar edilmişdir. Bu zədələnmələr füzelyajın arxa hissəsində, əsasən şaquli və üfüqi stabilizatorlarda, eləcə də sol qanadda və sol mühərrikdə müşahidə olunmuşdur;
7. Təqdim edilən məlumata görə, hava gəmisinin füzelyajında aşkar edilmiş zədələnmələr xarici obyektlərin təsiri nəticəsində yaranmışdır. İlkin hesabatda hava gəmisinin quşlarla toqquşmasını göstərən hər hansı fakt barədə məlumat yoxdur;
8. Füzelyajın zədələnmələrində aşkar edilmiş, hava gəmisinə aid olmayan yad obyektlər çıxarılmış, onların fotoşəkilləri ilkin hesabatın mətnində ictimaiyyətə təqdim edilmişdir. Aşkar edilmiş yad obyektlərin mənsubiyyətinin dəqiq müəyyənləşdirilməsi üçün gələcəkdə əlavə ekspertizaların aparılması planlaşdırılır;
9. Saat 05:13:32-də hava gəmisində əsas idarəetmə sistemləri sıradan çıxmış, saat 05:21:42-də qarşılıqlı əlaqə üzrə dispetçer Qroznıya "Kover" əməliyyatının aparılması barədə məlumat vermişdir;
10. Oksigen balonunun partlaması faktını əks etdirən heç bir məlumat göstərilməmişdir.
ICAO-nun Çikaqo Konvensiyasının tələblərinə uyğun olaraq, ilkin hesabatdan sonra hadisə tarixindən etibarən bir il ərzində qəzanın səbəbləri barədə yekun hesabat hazırlanmalıdır.
Həmçinin qeyd edək ki, 29 dekabr 2024-cü il tarixində Prezident İlham Əliyev aviasiya qəzasında həlak olmuş ekipaj üzvləri – Kşnyakin İqor İvanoviçə, Kalyaninov Aleksandr Georgiyeviçə, Əliyeva Hökümə Cəlil qızına Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrin icrası və sərnişinlərin həyatının xilas edilməsi zamanı göstərdikləri yüksək peşəkarlıq, cəsarət və fədakarlığa görə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsi barədə sərəncam imzalamışdır.
"Azərbaycan Hava Yolları" QSC-yə məxsus Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir il ötür.
AzerVoice xəbər verir ki, 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190-100 IGW" təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Xəzər dənizi üzərində "SOS" siqnalı verdikdən sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamətlənən təyyarə Aktau aeroportu yaxınlığında qəzaya uğrayıb.
Qəzaya uğrayan təyyarə 2013-cü ildə Braziliyanın "Embraer" şirkəti tərəfindən istehsal edilib və həmin ildə AZAL tərəfindən alınıb.
Hava gəmisi Azərbaycan vaxtı ilə saat 7:56-da (UTC+03:56) Bakıdan havaya qalxıb. Qroznı hava limanında pis hava şəraitinə görə təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib. Ekipaj 8:35-də (UTC+03:00) qəza siqnalı verib və idarəetmə sistemində nasazlıq olduğunu bildirib. Daha sonra saat 8:49-da pilotlar Aktauda təcili eniş tələb ediblər və təyyarəni "birbaşa rejimdə" idarə etməyə çalışıblar. Lakin saat 10:28-də təyyarə yerə çırpılıb.
"Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatını itirənlərdən üçü ekipaj üzvü olub.
Faktla bağlı Azərbaycan, Qazaxıstan və Rusiyada cinayət işləri başlanıb. Hadisə ilə əlaqədar dekabrın 26-da Azərbaycanda, 28-də isə Çeçenistanda matəm elan edilib.
Prezident İlham Əliyev "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı-Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən təyyarənin ekipaj üzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.