BAKI,AzerVoice
Azərbaycan və Özbəkistan Orta dəhliz layihəsinin birgə şəkildə inkişaf etdirilməsini müzakirə edəcəklər.
AzerVoice xəbər verir ki, iki ölkənin iş adamları və hökumət rəsmiləri iyunun 11-də keçiriləcək IV Daşkənd İnvestisiya Forumu çərçivəsində bir araya gələcəklər.
Forumun üçüncü günündə “Azərbaycan-Özbəkistan: iqtisadi tərəfdaşlığın vektoru” mövzusunda panel müzakirəsi keçiriləcək.
“Əsas diqqət ikitərəfli ticarətin möhkəmləndirilməsinə, birgə investisiya layihələrinin təşviqinə, eləcə də, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar kimi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə yönələcək.
Forum çərçivəsində, eyni zamanda, əlaqəliliyin inkişafı üzrə regional təşəbbüslər, o cümlədən, Orta dəhlizlə bağlı təşəbbüslər nəzərdən keçiriləcək, dayanıqlı iqtisadi tərəfdaşlıq üçün yeni imkanlar təqdim olunacaq”, - deyə tədbirin proqramında qeyd olunur.
Qeyd edək ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu – Orta Dəhliz – Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən keçərək Avropaya qədər uzanır.
2023-cü ilin oktyabr ayında Azərbaycan, Gürcüstan və Qazaxıstan bu marşrut üzrə tranzit daşımaların səmərəliliyini artırmaq məqsədilə birgə dəmir yolu şirkəti – “Middle Corridor Multimodal Ltd.” – yaratmaq barədə saziş imzalayıblar.
2024-cü ilin yekunlarına əsasən, Transxəzər marşrutu ilə yükdaşımaların həcmi 62 faiz artaraq, 4,5 milyon ton təşkil edib. Dəhlizin inkişafı üzrə həyata keçirilən tədbirlər çərçivəsində, onun buraxılış qabiliyyətinin 2027-ci ilədək 10 milyon tona çatdırılması gözlənilir.