BAKI,
AzerVoice
25 aprel 2025-ci il tarixində Haaqa şəhərində yerləşən Beynəlxalq
Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı təcavüzü
nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan
sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi
tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15
erməni əsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra
iddialarını rədd edib.
AzerVoice xəbər verir ki, İrqi
ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında
Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan
tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən Məhkəmə
əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı
müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar
verib.
Məlumdur ki, məhkəməsi həyata keçirilən erməni əsilli şəxslərlə
Azərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunan
standartlarına uyğun rəftar edilir və onlara Beynəlxalq Qızıl Xaç
Komitəsinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin
Aparatının nümayəndələri dəfələrlə baş çəkiblər.
Məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben
Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai
təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı
cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son
rəyinə də müvafiqdir.
Bu qərar, Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir.