Bakı, AzerPress:
Respublikamızda seçki hüquqları ilə əlaqədar müsbət praktika mövcuddur.
AzerPress xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün seçkilər Seçki Məcəlləsinə uyğun həyata keçirilib, Azərbaycan Respublikasının hüquqi, demokratik dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, cəmiyyətimizin daha da demokratikləşməsi, idarəetmənin, milli qanunvericiliyin və seçki texnologiyalarının inkişafı, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi prinsiplərinə sadiq olduğu bir daha təsdiqlənib.
“Ötən illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman Aparatının və regional mərkəzlərin əməkdaşları növbədənkənar prezident seçkiləri prosesində də müşahidəçi qismində Bakı şəhəri və ölkənin bütün regionlarını əhatə etməklə, seçki məntəqələrində, o cümlədən, hərbi hissələrdə, penitensiar müəssisələrdə təşkil olunan məntəqələrdə və digər qapalı müəssisələrdə müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidə aparacaqlar.
Bildirmək istərdim ki, respublikamızda seçki hüquqları ilə əlaqədar müsbət praktika mövcuddur. Məhz buna görə məqsədimiz sırf insan hüquqlarının, o cümlədən, seçki hüquqlarının, seçki prosedurlarının daha aydın izah olunmasına həsr edilib. Belə ki, hər bir seçici bilməlidir ki, yalnız öz seçimi ilə, öz qərarı ilə hər hansı bir təsirə məruz qalmadan yalnız özü seçdiyi, etibar etdiyi bir namizədə səs verməli və bunu necə reallaşdırmağın qaydasını bilməlidir”, -deyə S.Əliyeva əlavə edib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu günə qədər 17 nəfər prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqlənməsi üçün müraciət edib.