BAKI,AzerVoice, Nailə Babazadə
İran, Oman Dənizi və Fars Körfəzi sularını boru xətti ilə İsfahan bölgəsinə çatdırmağı nəzərdə tutan “Dəniz Suyunu Orta Platolara Daşıma Layihəsi”nin üçüncü mərhələsinə start verib.
AzerVoice xəbər verir ki, İran Prezident Məsud Pezeşkian layihənin 800 kilometrlik Sircan–İsfahan hissəsinin açılışını edib. Layihə, xüsusilə İsfahandakı polad sənayesinin su ehtiyacını qarşılamaq məqsədi daşıyır və Mubarek Polad Şirkətinin dəstəyi ilə həyata keçirilir.
4 mərhələdən ibarət olan layihə, İsfahandakı sənaye müəssisələrinin Zayenderud çayına olan tam asılılığını azaltmaq və onlara alternativ su mənbəyi yaratmaq məqsədini güdür. Layihənin ilkin mərhələlərində 980 kilometrlik boru xəttinin döşənməsi planlaşdırılsa da, sonrakı işlər nəticəsində xətt uzunluğu 1 350 kilometrə çatdırılıb.
Oman Dənizi və Fars Körfəzi sularının beş ayrı boru xətti ilə ölkənin orta hissəsində yerləşən və quraqlıqdan əziyyət çəkən əyalətlərə çatdırılması planlaşdırılır. Layihənin təxminən 48 milyon insanın həyatına müsbət təsir göstərəcəyi gözlənilir.
Layihənin birinci mərhələsi 2021-ci ilin oktyabrında, ikinci mərhələsi isə 2023-cü ilin oktyabrında başlamışdı.