Əsas səhifə » Çin Aİ-nin sanksiyalarına cavab olaraq Avropa şirkətlərinin bəzi tenderlərdə iştirakına qadağa qoyub

Çin Aİ-nin sanksiyalarına cavab olaraq Avropa şirkətlərinin bəzi tenderlərdə iştirakına qadağa qoyub

BAKI, AzerVoice

Avropa İttifaqının (Aİ) Çin məhsullarına qarşı tətbiq etdiyi ticarət məhdudiyyətlərinə cavab olaraq Pekin hökuməti Avropalı şirkətlərin tibbi avadanlıq üzrə dövlət tenderlərinə qatılmasını qadağan etdiyini açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə "Global Times" qəzetinin məlumat verib.

Məlumata görə, Çin Maliyyə Nazirliyi bildirib ki, büdcəsi 45 milyon yuanı (təxminən 6,28 milyon ABŞ dolları) aşan tibbi cihazların satın alınması ilə bağlı dövlət tenderlərinə Avropa mənşəli şirkətlər qatıla bilməyəcək.

Nazirlik əlavə edib ki, bu qərar yalnız Çində istehsal müəssisəsi olmayan Avropa şirkətlərinə şamil edilir. Əgər bir Avropa firması Çində investisiya qoyaraq orada istehsal fəaliyyətinə malikdirsə, bu məhdudiyyətdən azad olacaq. Yeni qaydalar elə bu gündən qüvvəyə minib.

Çin Ticarət Nazirliyinin sözçüsü məsələyə dair verdiyi açıqlamada, Pekinin Aİ ilə fikir ayrılıqlarını dialoq və məsləhətləşmə yolu ilə həll etməyə hazır olduğunu dəfələrlə bəyan etdiyini bildirib:

“Çin ikitərəfli danışıqlarda dəfələrlə xoş niyyət və səmimiyyət göstərib. Lakin Aİ bu yanaşmanı nəzərə almadan hələ də məhdudlaşdırıcı tədbirlər görməyə və yeni qoruyucu baryerlər qurmağa davam edir.”

Xatırladaq ki, Avropa Komissiyası 20 iyun tarixində Çin şirkətlərinin Aİ-yə üzv ölkələrdə 5 milyon avronu keçən tibbi cihazlarla bağlı dövlət tenderlərindən kənarlaşdırılması barədə qərar qəbul etmişdi.

Digər Kateqoriyalar

2025 © Azervoice